“Yayılan məlumata əsasən, bir qrup şəxs tərəfindən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis edilib. Bəyan edirik ki, bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, adı çəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyatı yoxdur”.
Yenicag.az-ın məlumatına görə, bu barədə AFFA-nın yaydığı bəyanatda bildirilir.
Rəsmi açıqlamada vurğulanır ki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun eyni maddəsində “işçi” dedikdə “əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb.
AFFA onu da bildirir ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmayıb. Bunu nəzərə alaraq, “AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir.