AFFA məşqçiləri və futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsi 3 məşqçini və 2 futbolçunu cəzalandırıb.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunda “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində texniki zonadan uzaqlaşdırılan hər iki komandanın baş məşqçiləri Samir Abasov və Roberto Bordinə bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə 1 oyun cəza verilib. Klublar isə 800 manat məbləğində cərimələnib.

Həmçinin Samir Abasova oyundan sonra təşkil olunan mətbuat konfransında 4-cü hakim Ömər Paşayev haqqında kinayə ilə danışdığına görə xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə, “Zirə”nin baş məşqçisinə əlavə cəza tətbiq olunacaq.

“Sumqayıt”ın məşqçisi Anton Dioçenkoya isə 10 oyunluq cəza verilib. Buna səbəb onun “Keşlə” ilə matçda hakimə qarşı fiziki təsir göstərməsi olub. “Sumqayıt” klubu isə 8000 manat cərimə olunub.

AFFA-nın İntizam Komitəsi həmçinin “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə və “Keşlə”nin oyunçusu Andre Klennonu da cəzalandırıb.

Xəlilzadə Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları matçın 90+2-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyun cəzalanıb. Klub isə 1600 manat cərimələnib.

Klennon isə ötən tur “Sumqayıt”a evdə 1:2 hesabı ilə məğlub olduqları görüşün 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Hücumçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə ödəməli olacaq.

COP29