AFFA milli komandalarımızın baş məşqçiləri ilə bağlı yeni qərar qəbul edib.
Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, assosiasiya rəhbərliyi U-17 millimizin baş məşqçisi Mirbağır İsayevlə U-19-un çalışdırıcısı Təbriz Həsənovu tutduqları postlardan uzaqlaşdırıb.
Buna isə yığmaların hər iki baş məşqçinin rəhbərliyi altında uğursuz çıxışı səbəb olub.
Əldə etdiyimiz məlumata görə, U-21 millimizin baş məşqçisi Samir Ələkbərovu da eyni aqibət gözləyir.
Qeyd edək ki, U-17 millimiz son olaraq Avropa çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış edib. Mirbağır İsayevin rəhbərlik etdiyi milli İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə məğlub olub, yeganə qələbəsini isə Bolqarıstan üzərində qazanıb – 2:1.
Təbriz Həsənovun başçılıq etdiyi U-19 isə Avropa çempionatının ilkin seçmə mərhələsində Kipr yığmasına 1:2, Serbiyaya 1:4 hesabı ilə uduzub, İrlandiya ilə isə qolsuz bərabərə qalıb.
EMİN SƏFƏROV