“Afina beynəlxalq hüquqa zidd addımlar atmaqla, onsuz da son dərəcə həssas olan bu bölgədə gərginliyi artırmağa cəhd göstərir”.
Bu fikirləri Yunanıstanın Egey dənizindəki daxili su hüdudlarını 6 mildən 12 milə qədər genişləndirmək qərarını şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
Professorun sözlərinə görə, Türkiyə Yunanıstanın bu qanunsuz addımları fonunda öz maraqlarının müdafiəsi üçün gərəkən addımları atacaq:
“Bildiyiniz kimi, Yunanıstan son aylarda bir sıra çoxtərəfli anlaşmalara və ümumiyyətlə beynəlxalq hüquqa zidd addımlar atmaqla, onsuz da son dərəcə həssas olan bu bölgədə gərginliyi artırmağa cəhd göstərir.
Afina ABŞ və digər Qərb ölkələrinin də dəstəyi ilə Egey dənizindəki adalara davamlı olaraq silah-sursat və hərbi texnika yerləşdirərək, provakasiyalarının növbəti mərhələsinə start vermişdi.
İndi isə Egeydəki daxili su hüdudlarını genişləndirmək qərarı ilə bu təhrikçi addımlarını davam etdirməkdədir. Əlbəttə, beynlxalq hüquqa tamamilə zidd olan bu qərara münasibət də birmənalı olmalıdır.
Haqqında danışdığımız qərar Yunanıstanın Türkiyəyə yönəlik növbəti provakasiyasıdır. Açıq desək, yunanların bu addımı onların odla “oynamasıdır”. Mən təfərrüatlı danışmaq istəmirəm, ancaq Türkiyə bütün hallarda öz maraqlarının müdafiəsi üçün gərəkən addımları atacaq. Yunanıstan bunu mütləq nəzərə almalıdır”.
A.Zeynalov