Afrika şirkətləri də Rusiya ilə əlaqələrini kəsir: “Qazprom”la əməkdaşlığa SON

Cənubi Afrika Respublikasının (CAR) şirkətləri Rusiyanın enerji nəhəngi ilə işbirliyini dayandırırlar.

Yenicag.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bunu CAR-ın Moskvadakı səfiri Mzuvuklie Maketuka yerli mediaya müsahibəsində deyib.

Səfirin sözlərinə görə, “Qazprom”la CAR-ın enerji şirkətləri arasında neft-qaz sektoruna isvestisiya qoyuluşu ilə bağlı başlayan danışıqlar Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra dayandırılıb.

Maketuka bunun səbəblərindən danışarkən qeyd edib ki, CAR-ın dünya ölkələri, o cümlədən ABŞ və Almaniya ilə münasibətləri var. O baxımdan, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar CAR şirkətlərini də çətin vəziyyətə salır:

“ABŞ-nin təhdidləri fonunda CAR şirkətləri Rusiya ilə necə əməkdaşlıq edə bilərlər? Aydındır ki, bu halda ABŞ CAR şirkətlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun qəbul edəcək, Avropa isə bunu dəstəkləyəcək”.