!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Afrikada nüfuz savaşı: FETÖ-nü Afrikadan "süpürmək" istəyən Türkiyənin əsl rəqibləri…

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tanzaniya, Mozambik və Madaqaskar səfəri diqqəti həm də FETÖ terror şəbəkəsinin Afrikadakı fəaliyyətinə yönəldib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın 4 gün davam edəcək Tanzaniya, Mozambik və Madaqaskar səfəri zamanı qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə yanaşı, FETÖ-nün Afrika ölkələrindəki fəaliyyəti də müzakirə olunacaq. Təhlilçilərin fikrincə, Türkiyə prezidentinin adları çəkilən ölkələrə səfəri FETÖ-nün “Qara qitə”dəki mövcudluğuna böyük mənada son qoyacaq. Məlumata görə, başında Fətullah Gülənin dayandığı terror şəbəkəsinin cinayət dosyesi Afrika liderlərinə təqdim ediləcək.

FETÖ bu ölkədə ildə 17,5 milyon dollar qazanıb

Tanzaniyada 1996-cı ildən fəaliyyət göstərən FETÖ “Fəza” və “Şəmsiyyə” adları altında paytaxt Dar-üs-Səlamda 6, Zənzibar adasında isə 2 məktəb açıb. Təhsil haqqı 3-8 min dollar olan bu məktəblərdə oxuyan şagirdlər əsasən, yüksək məmur təbəqəsinin və zənginlərin övladlarıdır. Həmin məktəblərin yüzlərlə məzunu təhsillərini davam etdirmək üçün Türkiyənin müxtəlif universitetlərində yerləşiblər. Lakin Türkiyədə FETÖ ilə əlaqəli universitetlərin bağlanması bu prosesi dayandırıb. Məlumata əsasən, FETÖ Tanzaniyada yetişdirilən “kadr”larını bu ölkənin təhlükəsizlik sistemi və digər mühüm strukturlarda yerləşdirməklə məşğul olub. Bildirilir ki, Tanzaniyadakı məktəblərində 3 min 500 şagird oxuyan FETÖ-nün bu ölkədəki illik gəliri 17,5 milyon dollar təşkil edir. Nə qədər təəccüblü olsa da, biznes qurmaq üçün Tanzaniyaya üz tutan, FETÖ-yə bağlılığı olmayan Türkiyəli iş adamları terror şəbəkəsinin müqaviməti üzündən geri qayıtmaq məcburiyyətində qalıblar.

Qeyd olunur ki, FETÖ-nün Tanzaniyadakı biznes fəaliyyəti Ahmet Akçalın rəhbərlik etdiyi ABİTAT adlı qurum tərəfindən həyata keçirilir. Əldə edilən məlumata görə, 15 iyuldan sonra Türkiyədən Tanzaniyaya qaçan şəbəkə mənsublarının bu ölkədə yerləşdirilməsi və işlə təmin edilmələri ilə də ABİTAT məşğul olur. Terror şəbəkəsinin Tanzaniyadakı “kassa”sı isə Akif Karadır. Tanzaniyanın QHT sektorunda da fəallığı ilə seçilən FETÖ-nün “Işık Education and Medical Foundation”, “Kamer Foundation”, “Shemsiyyah ve Feza Schools” qurumları fəaliyyətlərini hələ də davam etdirirlər.

Mozambik: FETÖ-çü “qaçqın”ların sığınacağı

Ərdoğanın səfər edəcəyi başqa bir Afrika ölkəsi Mozambik də FETÖ-nün geniş şəbəkəyə malik olduğu dövlətlər sırasındadır. Terror şəbəkəsi bu ölkədə müxtəlif məktəb və dərnəklər formasında strukturlaşıb. Məlumata görə, FETÖ-nün Mozambikdəki biznes fəaliyyəti əsasən, inşaat sektorunu əhatə edir. Dövlət qurumları ilə yaxın münasibətlər qurmağa nail olan gülənçilər bunun sayəsində öz biznesləri üçün əlverişli mühit yaradıblar. Mühüm detallardan biri də bundan ibarətdir ki, 15 iyul uğursuz çevriliş cəhdindən sonra Türkiyədən qaçan çox sayda FETÖ-çü məhz Mozambikə yerləşib. Məsələn, FETÖ-nün əsas simalarından biri olan və terror şəbəkəsinin “maliyyə baronu” sayılan Ahmet Uysal məhz Mozambikə qaçaraq, bu ölkənin vətəndaşlığını qəbul edib. “Tayyib Ərdoğan ölməlidir” deyən FETÖ-nün İzmirdəki imamlarından biri Necdet İçel də sığınacaq kimi Mozambiki seçib.

FETÖ-nü panikaya salan səfər

Türkiyə prezidentinin Afrika ölkələrinə son səfəri çərçivəsində ziyarət etdiyi ilk ölkə olan Tanzaniyaya ayağı dəymədən FETÖ-nün oradakı əsas fiqurları “yüklərini tutub” qaçmağa başlayıblar. Türkiyə prezidentinin FETÖ-nün Afrikada da təxribatçı fəaliyyətinə Maarif Vəqfi və TİKA-nın vasitəsi ilə son qoyulacağına dair açıqlaması gülənçiləri təşvişə salıb. Bildirilir ki, terror şəbəkəsinin Tanzaiya imamı, oraya 2000-ci illərin əvvəlində göndərilmiş Atilla Halit Ün yaxın çevrəsindəki şəxslərlə birlikdə ölkəni tərk edib. Bundan başqa, Maarif Vəqfinin yaradılması və FETÖ-nün Tanzaniyadakı həmin məktəblərinin bu quruma veriləcəyinə yönələn hazırlıqlar terror şəbəkəsini də hərəkətə gətirib. Məlumata görə, FETÖ-çülər nəzarətlərində olan məktəblərin Maarif Vəqfinə verilməsinin qarşısını almaq üçün həmin təhsil ocaqlarını saxta sənədləşmə ilə öz məzunlarının adlarına keçirirlər. Bununla belə, Tanzaniyanın ictimai rəyində FETÖ-yə qarşı kəskin münasibət formalaşıb. Hər halda, 15 iyul çevriliş cəhdindən sonra tanzaniyalılar Türkiyə səfirliyinin qarşısına toplaşaraq, FETÖ-yə və şəbəkənin məktəblərinə etirazlarını bildirmişdilər.

Almaz harda, FETÖ orda

FETÖ-nün Afrikada şəbəkələşdiyi ölkələrin siyahısına nəzər saldıqda mühüm bir detal diqqəti cəlb edir. Afrika ölkələrinin ümumilikdə, inkişaf və həyat səviyyəsi aşağı olsa da, “Qara qitə” qiymətli təbii sərvətlərlə çox zəngindir. Dünyanın aparıcı ölkələrini, beynəlxalq şirkətləri Afrikaya yönəldən, orada dəfələrlə genişmiqyaslı müharibələrin səbəbi də məhz təbii sərvətlər, xüsusilə, almaz və qızıl yataqlarıdır. O baxımdan, FETÖ-nün Afrikada fəaliyyət göstərmək üçün ölkə seçimində məhz bu amili önə çəkməsi təsadüfi deyil. Yuxarıda qeyd edildiyi kimi, FETÖ yerləşdiyi Afrika ölkələrinin dövlət qurumları ilə “dil taparaq” özünün həm hümanitar, həm də biznes sektorunda fəaliyyəti üçün əlverişli şərait yaradılmasına nail olub. Öz tərəfdarlarını həmin ölkələrin dövlət strukturlarında yerləşdirməklə, təsir imkanlarını artıran Gülən şəbəkəsinin əsas məqsədlərindən biri də oradakı təbii sərvətlər üzərində nəzarəti təmin etmək olub. Ona görə də FETÖ-nün Afrika ölkələri ilə coğrafi bağlılığının olmaması təsadüfi deyil. Yəni FETÖ iki qonşu Afrika ölkəsi arasında kasıb və yardıma ehtiyacı olanı deyil, zəngin və qazanmaq imkanı verən dövləti seçir.

“Qara qitə” uğrunda amansız mübarizə

Ancaq Afrika ölkələrinin təbii zənginliyi sadəcə, FETÖ üçün cəlbedici deyil. Müasir dünyada karbohidrogen ehtiyatlarla yanaşı, digər təbii sərvətlər uğrunda da amansız rəqabət getməkdədir. Xatırladaq ki, son bir neçə əsrdə Avropa ölkələrindən Portuqaliya, Hollandiya, Böyük Britaniya, Fransa və Almaniya növbə ilə Afrikada əsas nüfuz sahibləri olublar. Başqa sözlə, qitənin təbii sərvətləri uğrunda mübarizə əsasən, bu ölkələr arasında gedib. Lakin son illərdə müşahidə olunan qlobal tendensiyalar başqa ölkələri də vektorlarını Afrikaya yönəltmək məcburiyyətinə gətirib. Bu sırada Türkiyə, İsrail və Rusiyanı xüsusi qeyd etməyə dəyər. Belə görünür ki, adları çəkilən dövlətlər “tarixi yanlış”larını gec də olsa, düzəltməyə çalışaraq, Afrika ölkələrində oturuşmaq, öz maraqlarına uyğun mühit formalaşdırmaq qərarına gəliblər. Prezident Ərdoğanın haqqında danışılan səfəri də bu məqsəddən qaynaqlanır. Lakin İsrail və Rusiyanın da Afrikada “nüfuz müharibəsi”nə qoşulmaları Türkiyə üçün yeni situasiya yaradır və Ankaradan daha çevik siyasət yürüdülməsi zərurətini doğurur.

Hər halda, Afrika üçün ənənəvi “oyunçular” olmayan Türkiyə, İsrail və Rusiyanin qitəyə təsir uğrunda rəqabəti maraqlı mübarizə vəd edir. Afrikadakı ənənəvi “oyunçular”ın bu mübarizəyə münasibəti isə artıq başqa mövzudur.

Yeniçağ.Az Analitik Qrupu

www.yenicag.az

657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv