!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Afrin savaşı Türkiyənin Yaxın Şərqdə yeni status uğrunda mübarizəsidir” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Ankara kürd terrorçularını və onların dəstəkçilərini siyasi manevrlərdən məhrum etmək imkanındadır”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Türkiyənin ötən ay Suriyanın şimalında başladığı ”Zeytun budağı” əməliyyatını hərbi-siyasi aspektdən dəyərləndirən rusiyalı politoloq, “Poistine” jurnalının baş redaktoru Ruslan Aysin deyib.

Politoloq bildirib ki, Türkiyənin yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatı nəzərdə tutulan qrafiklə uğurla davam etdirilir:

“Türkiyənin Suriyada terrorçulara qarşı başladığı əməliyyat Vaşinqtonu qəzəbləndirsə də, Ankara sərhəddə 30 kilometrlik təhlükəsizlik zonası yaratmaqda sona qədər qətiyyətlidir. Türkiyə Suriyadakı kürd silahlılarını terrorçu PKK-nın qolu hesab edir və onları Afrin bölgəsindən uzaqlaşdırmağa cəhd edir. Eyni zamanda, Mənbic şəhəri də Türkiyənin hədəfindədir.

Qeyd olunmalıdır ki, Türkiyəyə qarşı əsasən, YPG silahlıları müqavimət göstərməyə çalışırlar. Türkiyə hərbçiləri “Zeytun budağı” əməliyyatının başladığı 10-12 gün ərzində ciddi uğurlara nail olublar. Əməliyyatdan əvvəl isə prezident Ərdoğanın Putinlə apardığı danışıqlar nəticəsində Rusiya Afrindəki hərbi qüvvələrini oradan çıxartdı. Belə məlumatlar da var ki, Putin Ərdoğandan Suriyanın İdlibdəki hökumət qüvvələrinə zərbə endirməməyi xahiş edib. O baxımdan, Türkiyə hələ ki İdlibə toxunmadan bütün diqqətini Afrinə yönəldib. Ancaq hərbi əməliyyatları cənuba doğru genişləndirmək Türkiyənin planındadır.

Region ölkələrinin “Zeytun budağı” əməliyyatına reaksiyasına gəldikdə isə burada birmənalı yanaşma yoxdur. Yəni Rusiya bu əməliyyatın əleyhinə çıxmasa da, İran Türkiyəni əməliyyatı dayandırmağa çağırdı. Ancaq İranın daxilindəki ciddi problemlər ona bu məsələdə daha qəti mövqe tutmağa imkan vermir. Həmçinin, Suriya hökuməti də Türkiyəyə sözdə belə kəskin etiraz bildirmək gücündə deyil”.

Aysin hesab edir ki, kürd terrorçularının arxasında birmənalı olaraq, ABŞ və İsrail dayanır:

“Deyə bilərik ki, uzun müddətdir, Amerika və İsrail hərbi mütəxəssisləri kürd silahlılarına təlim keçirlər. Bu iki ölkə həmçinin, kürd terror qruplaşmalarını maliyyələşdirir, onların bütün təchizatını üzərinə götürərək, kəşfiyyat məlumatları ilə təmin edir.

Aydındır ki, Vaşinqton və Tel-Əviv kürdləri silahlandırmaqla, Türkiyəyə qarşı “yumruq” əldə etməyi düşünür. Türkiyənin ərazisində baş vermiş çoxsaylı terror aktları və onların qurbanlarının qanı da bu ölkələrin vicdanındadır.

Ərdoğan son illərdə müstəqil xarici siyasət yürüdərək, Türkiyəni Amerikanın təsir dairəsindən çıxartmağa nail oldu. NATO-nun Avropadakı üzvləri arasında Türkiyənin ordusu öz döyüş qabiliyyyətinə görə ən güclüsüdür. Ancaq ABŞ-ın Türkiyəni NATO ilə bağlı problemlərlə şantaj etmək cəhdi nəticəsiz qaldı. Ərdoğan əsaslı zərurət yaranarsa, NATO-dan çıxa və Qətər, Azərbaycan, Gürcüstan, Ukraynanın iştirakı ilə yeni hərbi blok yarada bilər. Adları çəkilən ölkələr hətta Qara dənizdə birgə hərbi təlimlər də keçiblər. Türkiyənin Orta Asiya ölkələrində nüfuzunun artmasını və nüvə dövləti olan Pakistanla dost münasibətlərini nəzərdən qaçırmayaq.

Türkiyə hazırda sünni aləminin qeyri-rəsmi lideri kimi çıxış edir və siyasi mərkəz olaraq, bölgədəki bir çox ölkələrin, həmçinin “Müsəlman qardaşları” kimi təşkilatların istinad yeridir”.

Politoloq hesab edir ki, hazırda Suriyada “Əsas oyunçu” qismində Türkiyədir və Ankara bölgədə maraqları olan ölkələr arasındakı ziddiyyətlərdən məharətlə yararlanır:

“Türkiyə bölgədə gedən mübarizənin digər iştirakçıları ABŞ, Rusiya, İsrail və İran arasındakı ziddiyyətlərdən faydalanaraq, kürd separatizmini aradan qaldırmaq istəyir.

Hazırda Ankara kürd terrorçularını və onların himayədarlarını siyasi manevrlərdən məhrum etmək imkanındadır. Eyni zamanda, Türkiyə Dəməşqə təsirini artırmağa çalışır. Hər halda, Türkiyənin dəstəklədiyi Soçi danışıqlarına cəlb olunan” “Zeytun budağı” əməliyyatında iştirak edən Suriya müxalifətinin çəkisi də, vəziyyəti də xeyli dəyişib. Bu isə o deməkdir ki, Afrin savaşı Türkiyənin Yaxın Şərqdə yeni status uğrunda mübarizəsidir”.

www.yenicag.az

2891
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv