Ağ Evdə kostyum davası və yaxud Trampsayağı “realiti-şou” – Rəfi Müslümov yazır

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə baş verən mübahisə sadəcə bir görüş deyil, eləcə də dünya siyasətinin gələcək konturlarını müəyyənləşdirəcək hadisə oldu. Bu görüşün qapalı qalmayan tərəfləri göstərdi ki, Vaşinqton artıq Kiyevlə diktə dili ilə danışır, Ukrayna isə ağır şərtlər altında seçim qarşısında qalıb: ya Tramp Administrasiyasının tələb etdiyi sazişi imzalayıb təbii sərvətlərin üzərində nəzarəti paylaşacaq, ya da siyasi təzyiqlər və beynəlxalq dəstəkdən məhrum olma riski ilə üzləşəcək.

Trampın Zelenskiyə qarşı “realiti-şou” oyunu

Tramp həmişə siyasət meydanını bir şou səhnəsinə çevirən lider olub. Gənc milyarder olduğu dövrdən media oyunlarını ustalıqla idarə edən eks-prezident, hətta bir zamanlar məşhur film epizodlarında görünməyə belə razı olmuşdu. Onun siyasətində də bu yanaşma dəyişməyib – Makronla görüşdə dominant obraz yaratmağa nail olan Tramp Zelenski ilə eyni ssenarini həyata keçirməyə çalışdı. Lakin bu dəfə plan baş tutmadı. Çünki qarşısında başqa bir şoumen dayanmışdı.

Zelenski Trampın sərt ritorikasına boyun əymədi, əksinə, öz arqumentləri ilə cavab verərək, Ağ Evdə qlobal siyasətin balansını dəyişən bir mənzərə yaratdı. Trampın vitse-prezidenti Ceyms Devid Vinsin ona yönəltdiyi tənqidləri vecinə almadan sərt mövqe nümayiş etdirdi. Məsələnin mahiyyəti isə sadə idi: Vaşinqton Ukraynanın gələcəyi üzərində açıq şəkildə hökmranlıq etmək istəyirdi və bu, artıq siyasi estetika qaydalarına belə riayət edilmədən, açıq şəkildə ifadə olunurdu.

Mübahisənin əsl səbəbi: Ukrayna üzərində nəzarət savaşı

ABŞ-nin Ukraynaya verdiyi dəstəyin fonunda Kiyevdən konkret güzəştlər tələb etməsi yeni məsələ deyil. Ancaq bu dəfə məsələ təkcə maliyyə yardımı deyil, daha fundamental şərtlərlə bağlı idi. Zelenski Vaşinqtona Ukraynanın yeraltı və yerüstü sərvətləri ilə bağlı razılaşmaları müzakirə etməyə getmişdi. Lakin Ağ Evdə ona sadəcə bir ultimatum təqdim edildi: “saziş imzalanacaq, heç bir müzakirə yoxdur”.

Buna baxmayaraq, Zelenski gözlənilməz addım atdı. O, bu şərtlərə boyun əymək əvəzinə, açıq şəkildə müqavimət göstərdi və Ağ Evdə real mübahisə baş verdi. Tramp və onun vitse-prezidenti Vins Ukrayna liderinin döyüş qabiliyyətini və siyasi mövqeyini açıq şəkildə tənqid edərək, onu zəif göstərməyə çalışdılar. Hətta Tramp mübahisənin sonunda ironiya ilə “sənin düzgün kostyumun belə yoxdur” deməklə Zelenskini şəxsi səviyyədə də vurmağa cəhd etdi. Lakin Ukrayna prezidenti geri çəkilmədi və sərt cavabında da qalmadı.

ABŞ-Ukrayna münasibətlərində böyük çatlar

Bu qarşıdurma göstərdi ki, ABŞ-Ukrayna münasibətləri artıq əvvəlki kimi olmayacaq. Tramp Administrasiyası Kiyevlə daha sərt mövqedən danışmağa hazırdır və bu, Ukraynanın beynəlxalq dəstək məsələsində çətin dönəmə daxil olduğunu göstərir.

Onsuz da siyasətdə əsas olan emosional çıxışlar deyil, real addımlardır. Zelenskinin Vaşinqtonda nümayiş etdirdiyi mövqe, onun siyasətdə hələ də güclü oyunçu olduğunu göstərdi. Lakin Trampın bu qarşıdurmada qalib gəlmək üçün atacağı addımlar hələ qarşıdadır. Ağ Evdə baş verənlərin nəticələri qapalı qapılar arxasında daha aydın olacaq.