Ağ Evin yeni sahibi Qarabağ məsələsində çevik siyasət yürüdəcəkmi?

160224112545-trump-nevada-victory-speech-780x439Elman Nəsirov: “İnanmaq istərdik”

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı respublikaçılar nisbətən daha çox anlaşma mövqeyi göstərir.

Bu fonda gözləmək olarmı ki, ABŞ Dağlıq Qarabağ məsələsinə münasibətdə artıq daha çevik siyasət yürütsün?

Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov Trampın Qarabağ münaqişəsinə münasibətdə daha çevik siyasət həyata keçirəcəyinə inanmaq istədiyini söylədi: “ABŞ-ın yeni adminstrasiyasından Qarabağ münaqişəsinin həlli prosesində daha çevik addımlar atacağını gözləmək üçün müəyyən əsaslar var. Bu ilk növbədə onunla bağlıdır ki, respublikaçıların hakimiyyətdə olduğu dövrlərdə onların Cənubi Qafqaz regionuna daha çox diqqət ayırdığının şahidi olmuşuq. Məsələn, respublikaçı president Corc Buşun hətta Gürcüstana səfəri də olmuşdu. Eyni zamanda, yaddan çıxarmayaq ki, birbaşa Dağlıq Qarabağ münaqişəsilə bağlı olaraq bədnam “907-ci maddə” qəbul edilmişdi və belədə ABŞ tərəfindən dövlət səviyyəsində bütün yardımlardan Azərbaycan məhrum edilmişdi. Lakin 11 sentyabr hadisələrindən sonra Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizəyə ciddi töhvələr verdi. Nəticədə 2002-ci ilin yanvarın 25-də Respublikaçı adminstrasiya Azərbaycana qarşı tətbiq etdiyi həmin qadağanı dondurdu. Artıq belədə 14 ildir ki, “907-ci maddə”nin fəaliyyəti dondurulub. Bu baxımdan Donald Tramp da qeyd etdi ki, onun əvvəlki adminstrasiyanın buraxdığı səhvləri təkrar etmək niyyəti yoxdur, başqa xətti tutacaq. Onun əvvəlkilərin səhvlərini təkrar etməyəcəyini dediyi siyasi xətt ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışmaq, onlardakı siyasi rejimləri devirməklə bağlı siyasi xətt idi. Bu işlərə başı qarışmayacaq yeni adminstrasiyanın təbii ki, digər problemlərin, münaqişələrin həllinə daha çox diqqət ayırması üçün geniş vaxtı və imkanları qalacaq.
Məsələyə bu kontekstdə yanaşdıqda Ağ Evin yeni sahibinin Qarabağ münaqişəsilə bağlı daha çevik və pozitiv xətt tutacağına inanmaq istərdik. Bu inam həm də onunla bağlıdır ki, yeni adminstrasiya Rusiya ilə münasibətlərə yenidən baxmaq xəttini seçib. Çünki hər ikisi ATƏT-in Minsk qrupunun həmsədrləridir. Onların münasibətləri son dərəcədə gərgin olanda bu hal təbii ki, münaqişənin həlli imkanlarını da məhdudlaşdırır.

Bu iki dövlətin münasibətlərində yaxşılaşma tendensiyası doğrudan da müşahidə edilərsə, belə olan vəziyyətdə bu istər-istəməz münaqişənin həlli üçün də əlavə imkanlar yaratmış olacaq. Ona görə də Novruz Məmmədovun nikbin mövqeyinin motivlərini başa düşmək mümkündür”.

ELÇİN