Ağ Partiyanın 13 namizədi qeydə alınıb

Seçkilərdə 1 aydan da qısa bir müddət qalmışkən, ölkənin bir sıra aparıcı müxalifət partiyaları və siyasilər aktiv şəkildə proseslərdə iştirak etdiyini bəyan edir, hətta seçki marafonunda mübarizədən çəkilməyəcəyini vurğulayırlar.

Yenicag.az-la söhbətində Ağ Partiyanın sözçüsü Cavanşir Abbaslı deyib ki, hazırda Ağ Partiyanın 13 namizədi növbədənkənar parlament seçkilərində iştirak etmək üçün qeydə alınıb:

 

“Partiya builki seçkilərdə 40 namizədlə iştirak edirdi. Proses isə hələ davam edir, bir neçə namizədimizin imza vərəqələri avqustun əvvəli dairə seçki komissiyalarına təhvil verilib. Biz bilirik ki, qanunvericilikdə 7 gün ərzində namizədlərin imza vərəqələri yoxlanılır və onlara cavab verilir. Hər gün yeni-yeni namizədlərimizin qeydə alınması xəbərini eşidirik. Avqustun 9-da təbliğat-təşviqat kampaniyası başlayır. Ona görə də indidən hələlik Ağ Partiyanın işi namizədlərin qeydə alınmasına nəzarət etməkdir. Onun üçün də təbliğat-təbliğat prosesinin necə getməsi barəsində indidən danışmaq tezdir. Avqustun 9-dan sonra hər kəs Ağ Partiyanın seçkilərdə necə aktiv iştirak etdiyini, təbliğat-təşviqat kampaniyası apardığını görəcək.

Düşünürəm ki, bu seçkilərdə ən aktiv şəkildə prosesdə iştirak edən müxalifət partiyası biz olduq. Namizədlərin çoxluğu cəhətdən də Ağ Partiya ön sırada qərarlaşıb. Fikrimizcə, namizədlərin qeydə alınması sayına görə də Ağ Partiya avqustun 9-da birinci yerdə olacağını hər kəsə göstərəcək”.

Rafi Müslümov

COP29