“Ağ qızıl”ın girovuna çevrilən on minlərlə insan: “İşçilərin hüquqları ona görə qorunmur ki…” – FOTO/VİDEO

“Pambıqçılar tarlalarda səkkiz saatdan çox işlədilir, onlar şənbə və bazar günləri də işə çıxarılır, tarlalarda nahar fasiləsi və istirahət üçün xüsusi talvarlar yoxdur”.

Yenicag.az xəbər verir ki, bu fikirləri pambıqçılıq sahəsində çalışan işçilərin əmək hüquqlarının kobud şəkildə pozulması hallarının aradan qaldırılmasının vacibliyindən danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib.

Vahid Məhərrəmovun sözlərinə görə, ölkədə fermerlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi praktikası demək olar, yoxdur:

“Kənd təsərrüfatı sektorunda işçilərlə əmək müqaviləsi bağlayan fermerə rast gəlməmişəm, çünki beləsi yoxdur. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstrərənlər iki formada, ya Vergilər Nazirliyində qeydiyyatdan keçməklə, vergi ödəyicisi kimi, ya da fəaliyyət göstərdiyi ərazinin bələdiyyəsində uçota durmaqla, ailə-kəndli təsərrüfatı kimi fəaliyyət göstərməlidir.

Bu sektorda qeydiyyat və hesabatlılıq bir ayrı problemdir. Ancaq birmənalı şəkildə deyə bilərəm ki, nə fermerlər, nə də ailə-kəndli təsərrüfatları qanunvericiliyin tələblərinə məhəl qoymayaraq, işçilərlə əmək müqaviləsi bağlamırlar”.

Ekspertin fikrincə, pambıqçılıq son illər kənd təsərrüfatının ciddi diqqət yetirilən sahəsi olsa da, əmək münasibətlərinin rəsmiləşdirilməməsi burada özünü daha qabarıq şəkildə göstərir:

“Pambıq əkən fermerlər hesab edirlər ki, onların işçilərlə əmək müqaviləsi bağlamaq kimi vəzifəsi yoxdur. Onlar fikirlərini belə əsaslandırır ki, işçilərlə müqavilə bağlamaq zəruri olsaydı, bu sahəyə nəzarət edən dövlət qurumları onları xəbərdar edərdilər.

Fermerlərin çoxu əmək müqaviləsi bağlamaq tələbini ona görə yaxın qoymurlar ki, bu, onların xərclərini kəskin şəkildə atrıra bilər. Halbuki, Əmək Məcəlləsində həm fermerlərdən, həm də ailə-kəndli təsərrüfatlarının başçılarından tələb olunur ki, işçilərlə əmək müqaviləsi bağlasınlar”.

Vahid Məhərrəmov bidirib ki, əmək müqaviləsinin olmaması nəticəsində işçilərin hüquqları pozulur. 2019-cu ildə yay ayları isti keçdiyindən, pambıq yığanlar arasında günvurmadan, zəhərlənmədən və ilan sancmasından əziyyət çəkənlərin olduğunu xatırladan ekspert qeyd edib ki, bu kimi bədbəxt hadisələrin baş verməsinə səbəb pambıq tarlalarında işçilərin iş vaxtı normasına və əməyin mühafizəsi şərtlərinə əməl olunmadan işlədilməsidir:

“İşçilər tarlalarda səkkiz saatdan çox işlədilir, onlar şənbə və bazar günləri də işə çıxarılır, tarlalarda nahar fasiləsi və istirahət üçün xüsusi talvarlar yoxdur. Əmək Məcəlləsinin tələblərinə görə, pambıq yığanlara bədbəxt hadisələrdən, günəşin zərərli təsirlərindən qorunmaq üçün xüsusi geyim, ayaqqabı, şlyapa verilməlidir, ancaq buna əməl olunmur.

Tarlada günvurmadan və digər bədbəxt hadisələrdən əziyyət çəkən işçilərə fermer tərəfindən heç bir vəsait ödənilmir, çünki işçilərin tarlada bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortası həyata keçirilməyib. Bundan əlavə, tarlalarda ilkin tibbi yardımı üçün müvafiq dərman preparataları və ləvazimatları da saxlanılmır.

Bu məsələlərə nəzarəti həayat keçirməli olan dövlət qurumları isə seyrçi mövqedə dayanaraq, vəziyyəti yaxşıya doğru dəyişmək üçün heç nə etmirlər. Ona görə ki, işçilərin sağlamlığı və gələcəkdə pensiya təminatının olması nə yerli icra sturkturlarını, nə də nəzarət funksiyasını həyata keçirən müvafiq dövlət qurumlarını maraqlandırır. Onları maraqlandıran hər rayona qoyulan pambıq planının və ciblərinin dolmasıdır”.

İşçilərin pambıq tarlalarına sərnişindaşıma üçün heç bir şəraiti olmayan maşınlarda aparılıb-gətirildiyini deyən Vahid Məhərrəmovun fikrincə, iş yerlərində normal əmək şəraitinin yaradılması və sağlam mühitin formalaşdırılması işəgötürənin bir nömrəli vəzifəsi olmalıdır:

“Təəssüf ki, bilərəkdən və bilməyərəkdən, fermerlər Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozurlar ki, hər iki halda bu, onları inzibati və hətta bəzən cinayət məsuliyyətindən azad etmir”.

 

Gülşən Şərif