“Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sərəncam vermişdi ki, Bakıda 2014-cü ildən sonra 14 mərtəbədən yüksək bina tikmək olmaz, çünki bu, zəlzələyə davamsızdır. Zəlzələ gələndə sənədlərə baxacaq ki, görüm hansı 2014-cü ildən əvvəl tikilib, hansı sonra? Bütün şəhəri məhv edəndən sonra belə sərəncam olar?”
Bu fikirləri paytaxtda ağacların kəsilib yerində parkinq yaradılmasını və Bakının yaşıllıqlarının məhvində kimlərin günahkar olmasını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Fərəc Quliyev bildirib ki, nazirlər, icra başçıları və sahibkarlar yaşıllıqları məhv edirlər:
“Yaşıllıqların məhv edilməsi hər kəsi narahat edir. Bakıda 3 milyondan çox insan məskunlaşıb, 100 mindən artıq avtomobil var. Avtomobillərin çoxu bərbad gündədir və şəhərin havasını qazlarla çirkləndirir. Belə vəziyyətdə yaşıllıqlara ciddi ehtiyac var. Dünyanın müxtəlif şəhərlərinə gedəndə tamam fərqli mənzərə ilə rastlaşırsan, meşənin içərisində şəhər görürsən. Bizə gələndə, çox təəssüf ki, fərqli mənzərə ilə qarşılaşırıq.
Düşünürəm ki, cəzalar daha da sərtləşdirilməlidir. Mən parlamentdə olanda Yasamalda 50 ağac kəsmişdilər. Məsələni parlamentdə qaldırdım. Bir neçə deputat və icra başçısı məndən xahiş elədi ki, bu məsələnin üzərinə çox getmə. Ancaq məsələni qaldırdım, təəssüf ki, onu edənlərə heç bir cəza verilmədi. Bəzən deyirlər ki, qurumların ağac kəsilməsindən xəbəri yoxdur. Bu, yalandır. İcazəsiz heç kim ağac kəsə bilməz. Kim mülk tikirsə, obyekt düzəldirsə, bu, mütləq kiminləsə rüşvət qarşılığında razılaşdırılır. Bu heç kimdən gizli deyil. Ona görə də hesab edirəm ki, razılıq verənin özü də ağır cəza almalıdır. Dünənki hadisə ilə bağlı bələdiyyəni 5 min manat cərimə ediblər. Nə mənası var? Düşünürəm ki, 5 min manat simvolik cəzadır və təkcə bələdiyyə günahkar ola bilməz”.
Partiya sədrinin sözlərinə görə, yaşıllaşdırma işləri bir çox hallarda formal xarakter daşıyır:
“Prezident və ya başqa rəhbər şəxslər hansısa bir rayona gedəndə ağac əkirlər. Ancaq o rəhbər şəxslər gedəndən sonra o ağaclara baxan olmur. Hətta məndə olan məlumata görə, simvolik olaraq ağacları göstəriş üçün əkib, sonra çıxarıb aparıblar. Belə hallar da mövcuddur. Bu, anormal yanaşmadır.
Azərbaycanda şəhərsalma mədəniyyətinə yenidən baxış salmaq lazımdır. Zamanında elə işlər görüblər ki, geriyə addım atmağa yer qoyulmayıb. Harada boş yer görüblər, ağacları kəsib binalar tikiblər.
Bütün məhəllələrdə kiçik də olsa, uşaqların oyun meydançası, ağaclar var idi. Hamısını məhv edib bina tikdilər. Bunlar hamısı şəhərin yüklənməsi anlamına gəlir. Dəfələrlə bu məsələni parlamentdə də qaldırmışam. Şəhərin altı dağılır.
Şəhərin içərisini yükləməkdənsə, mikrrorayonlar salmaq lazım idi. Hər şeyə pul kimi baxmazlar. Tərbiyəsiz məmurların, nazirlərin, icra başçılarının, sahibkarların yarıtmaz fəaliyyəti nəticəsində həyatımız məhv olub. Oksigen ala bilmirik. Yaşıllıqları doğrayıb-töküb, yerində kafe açıb adına istirahət mərkəzi qoyurlar. Almaniyada, başqa ölkələrdə olanda görmüşəm, bir ağaca görə yolu dəyişiblər, bir ağaca görə əlavə pul xərcləyiblər. Bizdə isə bunun tam əksini görürük”.
Səxavət Məmməd