Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ arxeoloji ekspedisiyası 2019-cu ilin yayında Ağdam rayonu ərazisində çöl tədqiqatlarını davam etdirib.
Yenicag.az xəbər verir ki, Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov bildirib ki, çöl tədqiqatlarında məqsəd qədim dövr yaşayış yerlərində yoxlama-kəşfiyyat qazıntılarının aparılması, yeni arxeoloji tapıntıların qeydə alınması, ərazidəki arxeoloji abidələrin xəritəsinin dəqiqləşdirilməsi, həmçinin yerli əhali arasında arxeoloji abidələrin qədim tariximizin öyrənilməsində yeri və rolu, habelə onların mühafizəsi, gələcək nəsillərə çatdırılmasının vacibliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması olub.
Arxeoloqun sözlərinə görə, çöl tədqiqatları zamanı məlum abidələrlə yanaşı, Çəmənli və Sarıcalı kəndləri yaxınlığında eneolit dövrünə aid dörd yeni yaşayış yeri – Sarıcalı, Qarağan təpə, Garus-1 və Garus-2 qeydə alınıb. Həmçinin Ağdam rayonu ərazisindəki arxeoloji abidələrin mühafizə-saxlanılma vəziyyəti yoxlanılıb.
Eradan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdən ibarət Palıdlı-2 yaşayış məskəni və ondan bir kilometr şimalda olan, çoxtəbəqəli Şomulutəpə yaşayış yerində aparılan yoxlama qazıntılarından əldə olunmuş materiallar, xüsusilə son tunc – ilk dəmir dövrünə aid keramika nümunələri həmin yaşayış məskənləri ilə yaxınlıqdakı Palıdlı nekropolu arasındakı bilavasitə bağlılığı bir daha təsdiq edir. Qarabağda 130 ildən artıq bir dövrdə aparılmış arxeoloji tədqiqatlar gedişində ilk dəfə olaraq eyni dövrlü nekropol və yaşayış yerləri arasında bağlılıq sübut olunub.
H.Cəfərov bildirib ki, növbəti ildə Qarabağın son tunc dövrü yaşayış yerlərində – Palıdlı-2 məskənində və Namazalı təpəsində stasionar arxeoloji qazıntıların aparılması planlaşdırılıb.