Ağdamın işğaldan azad olunması Şəhidlər Xiyabanında qeyd edildi – FOTOLAR

Ağdam rayonunun 27 illik işğaldan azad edilməsi ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.

Yenicag.az xəbər verir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları Qarabağ üzrə üçtərəfli bəyanat əsasında bu gün Ağdam rayonu erməni işğalından azad olunub.

Bu qələbə münasibətilə yüzlərlə ağdamlı məcburi köçkün Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçmiş soydaşlarımızın ruhuna dualar oxuyub. Aksiyada Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Qeyd edək ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib. İşğal nəticəsində 1154 kvadrat kilometr ərazisi, 147 min nəfər əhalisi olan Ağdam rayonunun ərazisinin yalnız 22,6 faizi Azərbaycanın nəzarətində qalmışdı.

Qarabağ uğrunda döyüşlərdə Ağdam rayonu 6 mindən artıq şəhid verib. İşğaldan əvvəl Ağdamda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərib. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə “Əl-Cəzirə” Ağdamı “ruhlar şəhəri” siyahısına salıb.

Gülşən Şərif
Səxavət Məmməd