Ağır günlər yaşayan Əməkdar artist: “Siçovulların içində yatırdıq” – FOTO

“Siçovulların içində yatırdıq. Gecə yatanda üstümüzə daraşan siçovulları əlimizlə götürüb tullayırdıq”.

Bunu Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Elşən Cəbrayılov Yenicag.az-a açıqlamasında deyib.Vaxtilə sənət yollarında çətinliklərlə qarşılaşdığını, hər şeyə rəğmən, sənəti ucuzlaşdırmadığını deyən aktyor indiki gəncləri qınayıb:

“İndi sənətə gələn cavanlar çox xoşbəxtdirlər. Amma biz bu yerlərə rahatlıqla gəlib çıxmamışıq. Qastrol səfərlərinə gedəndə təmirsiz, şəraitsiz otellərdə qalırdıq. Siçovulların içində yatırdıq. Gecə yatanda üstümüzə daraşan siçovulları əlimizlə götürüb tullayırdıq. Hətta ürəyi gedən aktrisalar da olurdu. Onda teatrlar, mədəniyyət evləri, otellər indiki kimi təmirli deyildi. İndi hər yer təmirlidir. İndiki gənclər hər şeyin hazırına gəlirlər, özü də yüksək məvaciblə. Biz vaxtında tetarda qəpik-quruşa işləmişik. Bir qarnı ac, bir qarnı tox yatan vaxtlarımız olub. Elə günlərimiz olub ki, tamaşanı ac oynamışıq. Mənim atam da aktyor oub, Şahin Cəbrayılov. O da çətinliklərdən keçmişdi. Buna görə də mənim aktyor olmağımın əleyhinə idi. Deyirdi, istəmirəm, çəkdiyim o əziyyətləri sən də çəkəsən, o zülmü sən də görəsən. Hətta İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olanda atam ağlamışdı. Sonradan baxıb gördü ki, bu sənəti sevirəm, onda mənimlə barışdı”.

“İndiki tələbatlarla o dövrün tələbatları tam fərqli idi. Biz sadəcə dözüb otururduq”, – deyən E.Cəbrayılov İndiki cavanların dözümsüz olduğunu bildirib:

“İndi dözmürlər, indiki gənclər hər şeyin rahatına qaçırlar. Sənətə gəldikləri bir-iki il deyil, çox şeylər istəyirlər. Hər şeyiniz olacaq, hələ bir özünüzü təsdiqləyin. Ucuz reklamlara, ucuz çəkilişlərə gedirlər. Bu da sənəti ucuzlaşdırır. Demirəm, mənim ehtiyacım yoxdur, əlbəttə, var. Sadəcə olaraq sənətimi qoruyuram, buna görə birtəhər dözürəm. Rejissorlar guya məni görmür? Lap yaxşı görürlər, bilirlər ki, Akademik Dram Teatrının səhnəsində hansı baş rolları oynamışam. Sadəcə olaraq onların təklifi nə ssenari, nə də qonorar baxımından məni qane etmir. Amma aktyorlar məcburiyyətdən çəkilir”.

Əməkdar artist yaşca kiçik həmkarlarına səslənib:

“Özünüzdən böyük aktyorlara hörmətlə yanaşın. Teatrda böyüklə kiçik arasında fərq olmalıdır. Rəhmətlik Səyavuş Aslan, Həsənağa Turabov, Eldəniz Zeynalov, Yaşar Nuri teatrın bufetində oturub çay içəndə biz ora girib çay içməyə çəkinirdik. Çünki böyüyə hörmət var idi. İndi, təəssüf ki, bu hörmət də aradan qalxır”.

Cəvahir