Ağır xəstəliklə çarpışan aktyor: “Mədəniyyət Nazirliyi mənimlə maraqlanmır”

“Mədəniyyət Nazirliyindən bir dəfə də olsun mənimlə maraqlanan olmayıb”.

Bunu Yenicag.az-a açıqlamasında səhhəti getdikcə pisləşən aktyor Allahverdi Yolçuyev deyib.

Bir neçə ildir ki, parkinson xəstəliyindən əziyyət çəkən aktyor müalicəsi üçün maddi imkanı olmadığını bildirib:

“Neçə vaxtdır xəstəyəm, kim gəlib halımı soruşub? Jurnalistlərdən başqa heç kim mənimlə maraqlanmayıb. 4 ildir ki xəstəliyimlə əlaqədar teatrdan uzaqlaşmışam. Evdə oturmuşam, kimdir məni yada salan? Ona yanıb-yaxılıram ki, 42 il səhnədə can qoymuşam, amma unudulmuşam. Bu, aktyor üçün çox ağırdır”.

Aktyorun adı bu günlərdə teatrın təqdim etdiyi mükafatçılar sırasında da yer almayıb:

“Gərək, teatr təqdimat versin ki, adım mükafatçılar siyahısında yer alsın. Hər kəs bilir ki, qapı döyməyi, ağız açmağı bacarmıram. Neçə dəfə bununla bağlı məktub yazmışam, amma yola veriblər”.

Cəvahir