Ağrıkəsicilərin orqanizmdə yol açdığı FƏSADLAR: Bu dərman mədə qanaxmasına səbəb ola bilər

“Həssas insanlarda bir aspirindən mədə qanaxması baş verə bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ağrıkəsicilərin insan orqanizminə təsirləri və bu dərmanların qəbulunda diqqət edilməsi lazım olan məqamlardan danışan professor Adil Qeybulla deyib.

Onun sözlərinə görə, bu gün təbabətdə istifadə olunan ağrıkəsicilər iki əsas qrupa bölünür.

“Birinci qrup narkotik analgetiklərdir ki, ağrıları mərkəzi səviyyədə kəsən ağırkəsicilər asılılıq yaratdığına görə bunlar yalnız xəstəxana stasionar şəraitində həkim təyinatı ilə istifadə edilir. Digərləri isə qeyri-stereotip ağrıkəsicilərdir. Bunlar hərarəti salan, iltihab əleyhinə və ağrını kəsmək məqsədi ilə istifadə edilir. Bunlar məişətdə istifadə olunan ağrıkəsicilərdir. Bu dərmanlar isə salisilat qrupuna aid olduğundan onların əksəriyyətində mədə və bağırsaqda yara əmələ gətirə biləcək təsirləri var. Ona görə də həssas insanlarda bir aspirindən mədə qanaxması baş verə bilər. Bəzi xəstələr bu dərmanı ilboyu qəbul etsə belə heç bir təsir göstərməyə də bilər”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, kiminsə sözü, fikri, tövsiyəsi ilə dərman qəbul etmək olmaz:

“Təəssüf ki, ağrıkəsicilər geniş istifadə olunur və indiki dövrdə həyatı onlarsız təsəvvür etmək çətindir. Bu gün daha müasir mədə-bağırsaq traktına zərəri az olan ağrıkəsicilərin tətbiqi, istehsalı ilə bağlı xeyli işlər görülüb. Qeyd etmək lazımdır ki, bu maddələrin başqa ağır təsirləri olmasa da, həkim təyinatı olmadan özbaşına qəbul edilməsi də düzgün deyil. Bu növ dərmanlardan istifadə edilərkən mütləq şəkildə həkimin tövsiyəsi tələb olunur. Kiminsə sözü, fikri, tövsiyəsi ilə dərman qəbul etmək olmaz”.

İsmayıl Bakuvi

COP29