Ağrı ilə mübarizədə xüsusi dərmanlar – analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.
Yenicag.az xəbər verir ki, bəzi analgetiklər isə birbaşa beyinə təsir edərək beyinin qalan orqanizmlə əlaqəni “kəsir” ki, impulslar ağrıyan yerdən beyinə çatmır. Belə preparatlar adətən cərrahiyyə əməliyyatları zamanı, güclü ağrı şoku zamanı, güclü xroniki ağrılar zamanı (məsələn, xərçəng xəstələrində) istifadə olunur. Bu narkotik prepartlardır. Tərkibində morfin, fentanil, promedon və s. bu kimi maddələr olan preparatlar narkotik analgetiklər sayılır. Bu preparatlar alışqanlıq yaradır, böyük dozalarda və daim istifadə etdikdə orqanizmə böyük zərər verir, hətta ölümə səbəb ola bilər. Məhz bu səbəbdən tibbdə bu kimi preparatlar yalnız o hallarda istifadə olunur ki, onlarsız keçinmək mümkün deyil (cərrahiyyə əməliyyatları, ağır travmalar zamanı, ağır xərçəng xəstələrində).
Hamıya tanış olan analgin, aspirin, parasetamol, ibuprofen kimi analgetiklər narkotik analgetiklər deyil. Onlar alışqanlıq yaratmır və nisbi təhlükəsiz sayılır. Lakin bu preparatlardan da süi-istifadə etmək olmaz. Əgər ağrı dözümlüdürsə, ağrıkəsici preparat qəbul etməyin, bir qədər gözləyin, ağrı özü-özündən keçə bilər.
Həkimlərin müşahidələrinə görə, qadınlar kişilərlə müqayisədə analgetiklərdən daha tez-tez hallarda süi-istifadə edir. Bu preparatlardan süi-istifadə edən insanın immun sistemi zəifləyir, qanın tərkibi pisləşir, qara ciyər, böyrəklər, mədə-bağırsaq sistemində ciddi pozulmalar yaranır.
Bəzən baş ağrısı güclü olur, insana əzab verir və ondan yalnız dərmanın köməyi ilə azad olmaq mümkündür. Bu halda ağrıkəsici dərman qəbul etmək olar. Lakin belə hallar tez-tez təkrarlanırsa, mütləq həkimə müraciət edin. Tez-tez təkrarlanan güclü baş ağrıları müxtəlif və bəzən çox ağır xəstəliklərin əlaməti ola bilər (məsələn, beyinin bədxassəli şişlərin).
Amerikalı alimlər sübut ediblər ki, baş ağrısı zamanı tez-tez istifadə olunan analgetiklər yeni və daha güclü baş ağrıları tutmalarına səbəb olur.
Aspirin ən təsirli və etibarlı analgetiklərdən biri sayılır. Lakin bu preparat bəzi mədə-bağırsaq sistemi xəstəlikləri (məsələn, mədə xorası) və astma xəstəliyi zamanı, hamilə qadınlar və uşaqlar üçün əks-göstərişdir.
Analgin, parasetamol və ibuprofen kimi analgetiklər də baş, diş, qulaq ağrıları zamanı yaxşı kömək edir. Diş ağrısı zamanı həbi dişin üzərinə qoymayın, bu kömək etməyəcək və damağın iltihabına səbəb ola bilər.
Kəskin spazm xarakterli ağrılar zamanı analgetiklərdən yox, spazmolitiklərdən istifadə edin (məsələn, no-şpa). Qarın ağrıları zamanı analgetiklərdən istifadə etməyin. Bu təhlükəli ola bilər.
Yadınızda saxlayın ki, analgetiklər müalicəvi təsir etmir, onları yalnız ilk tibbi yardım vasitəsi kimi istifadə etmək olar. Bu preparatlar ağrının səbəbini aradan qaldırmır, yalnız insanın vəziyyətini yüngülləşdirir.
Ağrıkəsici preparatları qəbul etdikdə çalışın dərmanın ən minimal dozası ilə kifayətlənəsiniz. Beləki, əvvəl həbin 1/2 hissəsini qəbul edin. Bir çox hallarda bu doza lazım olan effekt verir. Əgər ağrı keçməzsə, qalan 1/2 hissəsini qəbul edə bilərsiniz.
Mütəxəssislər ağrıkəsici preparatları həftədə 1-2 dəfədən artıq qəbul etmək qəti şəkildə məsləhət görmürlər. Əgər siz bu preparatları daha tez-tez istifadə etməyə məcbursunuzsa, bu anormal sayılır və siz mütləq həkimə müraciət etməlisiniz./Medicina/