Bu gün çoxları ölkə teleməkanında yayımlanan əyləncəli-şou və sosial mövzuda hazırlanan verilişlərdən, hətta seriallardan belə gileylənir, narazılıq edir. Hamı söyür, “Bu nə verilişdir, bu nə ailə dedi-qodularıdır, efirə gətirilir, bu nə səviyyəsiz müğənnidir, səsi-sənəti yox, bütün günü gözümüzü “mazol” edib, bu nə seriallardır, ailə “dığ-dığ”ından o yana keçmir”, – deyə təpki göstərir.
Məqsədim heç də həmin verilişlərin keyfiyyət səviyyəsini incələmək deyil. Əsla. Məsələ burasındadır ki, hamı söyür, az qala hər kəs filosofcasına tənqid edir, amma elə hamı da həmin verilişlərə, seriallara baxır, bayağı dedikləri duzsuz “komedixana”lara baxıb, şit-şit gülür, bəyənmədikləri serialları saatlarla müzakirə edir, Rəqsanəni, Nəfəsi, Nüşabə Musayevanı, Vəfa Şərifovanı əzizinin toyuna aparmaq üçün ətək-ətək pul tökür.
Telekanallar da baxıb görürlər ki, səviyyəli verilişə baxan, keyfiyyətli musiqini dinləyən yoxdur, reytinq ağzıaşağı qalıb, başlayırlar səviyyəsizliyi təbliğ etməyə. Nəfəsə ödənilən toy qonorarının heç 30 faizi bizim handa bir özündən deyən ustad xanəndəyə verilmir. Vəfa Şərifovanı ekranda görən izləyici kanalı dəyişib Babək Niftəliyevə, ya da özünü təsdiqləmiş başqa ifaçıya baxmır.
Çünki ona Rəqsanənin qızını kimə ərə verməyi, sonuncu dəfə hansı bədənşəkilləndirmə əməliyyatı etdirməsi daha maraqlıdır, nəinki Babəkin, ya da digər sənətçinin ifasında muğam dinləmək. Aparıcı yazıq da baxıb görür ki, veriliş reytinq gətirmir, xanəndə muğam oxuyanda qaş-göz edir ki, ağsaqqal, sən Allah, bir az qısa elə, Vəfanın yeni mahnısı var, onu oxumalıdır, vaxt yekunlaşır. O da başlayır “Sildim səni”, ay nə bilim, “süpürdüm səni” oxumağa….
Telekanallarda reytinqi müəyyənləşdirən elə bizik. Sonra da başlayırıq özümüzü üzdə zövqlü göstərməyə. Durub kiməsə sual versən ki, sonuncu dəfə Opera Teatrında hansı tamaşanı izləmisən? Dili topuq vuracaq. Soruşsan ki hansı dünya şöhrətli caz ifaçısının musiqisini dinləmisən? Çaşıb qalacaq. Öz övladı Şövkət Ələkbərovanı, Rəşid Behbudovu tanımır, amma “zövqsüzlük”də qınadığı gənc nəsli durmadan “baltalayır”. Ona görə də düzəlməyə elə özümüzdən başlamalıyıq. Zövqümüzün hisini-pasını təmizləməliyik ki, yaxşıları gözümüz görə, qulağımız da eşidə bilsin.
Cəvahir