Ağstafadakı dəhşətli qətlin TƏFƏRRÜATI – HƏBS/ETİRAF

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində baş verən qətlin təfərrüatları məlum olub.

Gecə saatlarında kənd sakinləri olan, 28 yaşlı Tural Heydanov ilə 43 yaşlı Hürriyyət Şəmilov arasında şəxsi münasibətlər zəminində əlbəyağa dava olub.

Bu zaman T.Heydanov bıçağa əl ataraq H.Şəmilovu bıçaqlayıb.

O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Münaqişə zamanı T.Heydanov da başından xəsarət aldığı bildirilir.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Saxlanılan Tural Heydanov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir./Report/

***

12:55

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qətl hadisəsi törətmiş şəxs tutularaq istintaqa cəlb olunub.

Ağstafa rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, iyunun 14-də gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi 1992-ci il təvəllüdlü Tural Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub.

Tural Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim edib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.