Ağstafalı şəhidimiz Vüqar Sadıqov Göycəlidə dəfn olundu – FOTO

Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan Azərbaycan  Ordusunun  hərbi qulluqçusu, Ağstafa rayonunun Göycəli kənd sakini, çavuş  Sadıqov Vüqar  Lətif  oğlunun nəşi doğma kəndində torpağa tapşırılıb.
Şəhidimizlə vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, millət vəkili Nizami Cəfərov, Müdafiə Nazirliyinin əməkdaşları,  rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər. Vida mərasimində  çıxış edən Seymur Orucov və  başqaları ötən gün vətən uğrunda canından keçən Vüqar Sadıqovla yanaşı digər şəhidlərimizin  keçdikləri  şərəfli döyüş yolundan söz açıb, ailələrinə  Allahdan səbr dilədilər. Mərasimdə iştirak edənlər şəhidimizi dəfn edərək məzarı üzrəinə gül dəstələri düzdülər.
İcra başçısı V.Sadıqovun  tabutu üzərindəki dövlət bayrağını şəhidin  oğluna tədqim etdi. Ailə üzvlərinin diqqətinə çatdırıldı ki, dövlətimiz tərəfindən bütün lazımi dəstək göstəriləcəkdir.
Allah rəhmət eləsin!

***

10:54

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

Yenicag.az-ın məlumatına görə, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Sadıqov Vüqar Lətif oğlunun nəşi doğulduğu Ağstafa rayonu Yuxarı Göycəli kəndinə aparılıb. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. 

Həmçinin iyulun 13-nə keçən gecə ərzində də həmin ərazidə gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!