Ağsuda güclü yanğın meşə sahəsinə keçdi – FOTO / VİDEO – YENİLƏNDİ

Ağsu rayonunun Keşdiməz və Bico kəndləri yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. Yanğın zamanı 100 ha sahədə quru ot və kol-kos yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub

***

15:56

Ağsu rayonu ərazisində dünən axşam saatlarından başlayan güclü yanğın davam edir.

Yenicag.az-ın məlumatına görə, rayonun Bico kəndi ərazisində davam edən yanğının miqyası daha da böyüyüb.

Ümumilikdə 1500 hektardan artıq ərazi tam yanıb. Kənd ərazisində 100 ildən artıq yaşı olan qoz, tut və digər ağaclar yanıb. Yanğın artıq kənd ərazisindəki meşə sahəsinə keçib. Hadisə yerinə Ağsu, Kürdəmir, Hacıqabul, Şamaxı və İsmayıllı rayonunun yanğınsöndürmə briqadaları cəlb edilsə də, alovun qarşısını almaq mümkün deyil. Hazırda Bico kəndi ərazisindəki meşə zolağında güclü yanğın davam edir./Trend/