Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir.
Stalin siyasətinə “xəyanət” etməkdə günahlandırılan bu xalqın zorən köçürülməsindən 74 il ötür. Əslində “xəyanət”, “casusluq” ittihamları bəhanə idi. Türklərin ata-baba torpaqlarından köçürülməsinin tamam başqa səbəbləri var idi ki, bunların da önündə Qafqazın müsəlmanlardan, türklərdən təmizlənməsi siyasəti dururdu. Ahıska türklərinin köçü bəlkə, dünyanın ən ağır deportasiya tarixidir.
Soyuq vaqonlara doldurulan türklər yemək, su verilmədən günlərlə yol getdi. Haraya, nə üçün aparıldıqlarını bilmədən. Hər gün yüzlərlə insan vaqonda dünyasını dəyişirdi. Vaqonların qapıları isə yalnız cəsədləri çıxarıb çölə atmaq üçün açılırdı. Balanın cəsədi anadan, ata-ananın cəsədi övladlarından alınaraq qeyri-insanı formada çöllərə atılırdı. Həmin qanlı-qadalı, ağırılı günlərə bir daha Ahıska türklərinin nümayəndəsi, “Ahıska” və “Türküstan” qəzetlərinin əməkdaşı Mövlud İşıqla qayıtdıq.
“220 kənddən 95.307 nəfər sürgün edilib”
– Mövlud bəy, Ahıska türklərini öz yurd-yuvalarından köçürülməsinin ildönümüdür. Onların köçürülmə zamanı işgəncələrə məruz qaldığı deyilir. Sizdə yaşlı insanlardan nəsillərə ötürülən belə xatirələr varmı, varsa, mümkündürsə, bizimlə paylaşın.
– Bəli, bu gün Ahıska türklərinin öz ata-baba torpaqlarından sürgün edilməsinin 74-cü ildönümüdür. Ahıska türkləri heç bir günahı olmadan II Dünya Müharibəsi ərzində Sovet İttifaqının rəhbəri İosif Stalinin əmri ilə bir gecədə sürgünə məruz qalmış bir toplumdur. Ən acınacaqlı hal isə onların sürgün edildikləri dəmiryolunun elə onların özləri tərəfindən düzəldilməsidir. Bu isə sürgünün planlı şəkildə həyata keçirildiyinin sübutudur. Ahıska türkləri Türkiyə ilə sərhəd bölgədə yerləşdiyi və türk toplumu olduqları üçün sürgün edilmişdilər. Ahıska, Adıgün, Aspinza, Axalkələk və Bağdanovka rayonları ərazisində yerləşən 220 kənddən 95.307 nəfər sürgün edilib. Sürgün edilənlərdən 45.985-i uşaq, 18.923-ü qoca, 27.399-u isə qadındır. II Dünya müharibəsi ərzində Ahıska türkləri ilə birlikdə sürgünə məruz qalan xalqlar vətənlərinə geri dönsələr də, ahıskalılar hələ də vətən həsrəti ilə yaşayırlar. Biz sürgünün canlı şahidləri ilə “Türk Birliyi” jurnalı üçün müsahibələr, “Sürgün” adlı sənədli film üçün reportajlar hazırladıq. Sürgünü yaşamış insanlar ilə həmsöhbət olmaq olduqca ağırdır. Onlar sürgünü bütün açıqlığı ilə izah edəndə onlara qarşı necə qeyri-insani davranıldığına şahid olur insan.
“Vaqonda ölənləri qarın üstünə atırdılar”
– 17 min Ahıska türkünün vaqonlarda aclıq, susuzluq və soyuqdan vəfat etdiyi bildirilir. Amma həm köçürülən, həm də ölənlərin sayının rəsmi statistikada azadıldığı da qeyd olunur. Bu haqda hansısa məlumatlarınız varmı?
– Bizim araşdırmalarımıza görə sürgün edilən Ahıskalılardan 12.859 nəfər həyatını itirib. Dünyasını dəyişən insanları vaqondan çölə qarın üstünə atıblar. Onların heç birinin qəbri belə yoxdur. Cəsədləri qurda, quşa yem olub. Biz bunu sürgündən daha çox soyqırıma adlandıra bilərik. Ahıskalıları aparan vaqonlarda şəraitsizlik olub. 5-6 ailəni bir vaqona yığıblar. Ərzaq yoxluğu və havanın soyuq olması insanların iradəsini, əzmini qırıb. Bu məlumatlar təbii ki, sizin də qeyd etdiyiniz kimi azaldılmış ola bilər. Çünki Sovet hakimiyyəti bu rəqəmin dəqiq göstərilməsini istəməzdi.
12 il komendant rejimi şəraitində
– Hazırda Ahıska türkləri hansı ölkələrin ərazisində yaşayır. Azərbaycanda təxminən nə qədər Ahıska türkü məskunlaşıb?
– Ahıska türkləri Orta Asiyaya sürgün edildiyi zaman əvvəlcə Özbəkistan, daha sonra Qazaxıstan, sonra isə Qırğızıstana yerləşdirilib. 12 il komendant rejimi altında yaşadıqdan sonra Stalinin ölümündən sonra onlara Sovet hakimiyyəti tərkibindəki digər respublikalara getməyə icazə verilib. Bundan sonra isə Ahıskalılar öz qohumlarını taparaq yerlərini dəyişə bilib. 1989-cu ildə Özbəkistanda baş verən xoşagəlməz hadisələrdən sonra Ahıska türkləri ikinci sürgün həyatı yaşamaq məcburiyyətində qalıb. Beləliklə, Ahıskalılar Rusiya və Azərbaycana köç ediblər. Azərbaycan dövləti Ahıskalı türklərə özünün ən çətin vaxtında belə sahib çıxan ilk dövlət olub. Qərbi Azərbaycandan sürgün edilən öz xalqı ilə yanaşı ahıskalıları da onlardan seçməyərək əlindən gələn dəstəyi göstərib. Azərbaycan dövləti ilə yanaşı qonaqpərvər Azərbaycan xalqı da ahıskalılar ilə öz evlərini, süfrələrini paylaşıb. Ahıskalılar bu yaxşılığı əsla unudan deyil. Hal-hazırda ahıskalılar Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, Azərbaycan, Gürcüstan, ABŞ və Şimali Kipr Türk Cumhuriyyətində yaşayırlar. Azərbaycanda qeyri-rəsmi məlumata əsasən 90 min nəfər Ahıska türkü yaşayır. Ahıskalılar əsasən, Saatlı-Sabirabad, Quba-Xaçmaz-Şabran, Şəki-Şamaxı-Zaqatala, İsmayıllı-Qəbələ-Qax, Gəncə-Qazax-Ağstafa-Şəmkir rayonlarında məskunlaşıb.
Ahıskalı mərd vətən oğulları Qarabağ müharibəsi zamanı vətən sevgisi ilə ön cəbhəyə atılıb, vətənin müdafiəsində iştirak ediblər. Onların arasında qəhrəmancasına şəhid olanlar da var. Ümumilikdə Qarabağ savaşında 81 nəfər şəhid və itkin düşmüş ahıskalı var. 2017-ci ildə hazırladığım “Ahıskalı şəhidlər” kitabımda bütün şəhidlərimiz haqqında məlumat əldə etmək olar. Biz bu kitabı gələcək nəsillərə bir arxiv, örnək olması məqsədilə hazırladıq. Kitabın hazırlanmasına təxminən 1 il vaxt sərf edildi. Şəhid ailələrini ziyarət etdik, onların problemlərini dinlədik, şəhidlərimiz haqqında xatirələrini qeyd edərək kitabımızda işıqlandırdıq. Ayrıca şəhidlərimiz haqqında məlumatların daha böyük kütləyə çatdırılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, “Vikipediya” Elmi Metodiki Mərkəzinin dəstəyi ilə vikipediyada məqalələr yaratdıq. Burada ahıskalı şəhidlərin siyahısına və onlar haqqında məlumatları asanlıqla əldə etmək olar. Bu işdə başda Elnur Eltürk və Qulamhüseyn Məmmədov olmaqla əməyi olan hər kəsə təşəkkür edirəm.
“Cəmi 1700 nəfərə geri dönmək icazəsi verilib”
– Bildiyiniz kimi, Avropa Şurası Ahıska türklərinin Gürcüstana qaytarılması ilə bağlı qərar verib. Köçənlər varmı?
– Gürcüstan 1999-cu ildə Avropa Şurasına üzv qəbul edilərkən Ahıska türklərinin geri qaytarılması ilə bağlı öhdəlik götürdü və 2007-ci ildə qanun qəbul edildi. Qanun XX əsrin 40-cı illərində Gürcüstandan sürgün edilənlərin geri qaytarılmasını nəzərdə tuturdu. Ahıskalılar da buraya aid edildiyi üçün geri dönüş prosesi başladı. 2007-ci ildə geri dönüş prosesi çərçivəsində 13500 müraciət ərizəsi toplandı. Bu toplanan ərizələr gürcü və ingilis dillərinə tərcümə edildi. Cəmi 5842 ərizə Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edildi. 2011-ci ildə bu müraciətlərə cavab verilməyə başlandı. Bu günə qədər təxminən 1700 nəfərə geri dönüş icazəsi verilib, 494 nəfərin isə şərtli vətəndaşlıq haqqı tanınıb.
Gürcüstan dövləti şərtli vətəndaşlıq verdiyi Ahıskalılara vətəndaşı olduğu ölkənin vətəndaşlığından çıxmaq şərti qoydu. Bu şərt ilə demək olar ki, köç prosesi dayandı. Bu qanun çərçivəsində köç edən demək olar ki, yoxdur. Vətənə geri dönüş icazəsi (repatriant status) və şərtli vətəndaşlıq alanlardan bir ailə 2015-ci ildə Ahıskaya köç etdi. 3 il keçməsinə baxmayaraq Həbib Meybiyev hələ də vətəndaşlıq ala bilmir. Onunla birlikdə hal hazırda təxminən 45 ailə Ahıskada yaşmaqdadır. Onların da heç bir sosial və digər haqları yoxdur. Öz vətənlərində qonaq kimi yaşamlarını sürdürməkdədirlər. Bütün bu problemlərin həlli ilə əlaqədar olarak Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyi məşğul olur. Buna əlavə olaraq Avropa Millətləri Federal Birliyi (FUEN) Türk Azlıqları Çalışma Qrupu (TAG) da Avropa Birliyi toplantılarında Ahıskalı Türklərin problemlərinin həlli istiqamətində FUEN-ə üzv təşkilatlara dəstək göstərir. Geri dönüş prosesində 2007-ci ildə qəbul edilən qanun ahıskalıların istəklərinə tam olaraq cavab vermədi.
Belə hesab edirəm ki, Gürcüstan Dövləti bu məsələdə maraqlı olduğunu göstərmək, həqiqi mənada Avropa İttifaqı qarşısında götürdüyü öhdəliyi yerinə yetirmək üçün yeni bir qanun qəbul etməli və geri dönüşü sadələşdirməlidir. İstədiklər zaman öz tarixi vətənlərinə köç etmək, orada yerləşmək Ahıska türklərinin haqqıdır. Bu haqqı onların əlindən heç kim ala bilməz./Cebhe.info/