Aİ ilə ABŞ arasında Ukrayna GƏRGİNLİYİ: “Tramp sanki bu qədər maliyyə vəsaiti ayrılmayıbmış kimi…”

“İndiyə qədər Avropa İttifaqı bütün addımlarını ABŞ ilə məsləhətləşərək atıb”.

Bunu Aİ ilə ABŞ arasında Rusiya-Ukrayna müharibəsi barədə yaranan fikir ayrılıqlarından danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Avropanı danışıqlarda görməzdən gəlir:

“Səudiyyə Ərəbistanında keçirilən görüşdə isə münaqişə tərəfləri olan Ukrayna danışıqlar masası arxasında yox idi. Bu, kifayət qədər ciddi məqamdır. Çünki Avropa İttifaqı Ukraynaya bu müharibədə kifayət qədər maliyyə vəsaiti yatırıb. İndi isə Tramp sanki bu qədər maliyyə vəsaiti ayrılmayıbmış kimi davranmaqdadır.

Avropa İttifaqı mövcud vəziyyətdən çıxış yollarını axtarır. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə masa toplandı. Bəzi dövlətlər, xüsusilə də Çexiya, Slovakiya, Rumıniya bu masaya dəvət edilmədi. Nəticə olaraq məsxərə dolu bu görüş heç bir nəticə vermədi. İndi isə görürük ki, Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiya paketini təsdiqləyir.

Bununla Avropa göstərməyə çalışır ki, Rusiya-Ukrayna müharibəsi bitməyib, yaxud “biz bitdi demədən bitməyəcək” mesajı verilir. Bu, eyni zamanda, Avropa İttifaqı və Birləşmiş Ştatlar arasında ziddiyyətlərin göstəricisidir.

İndiyə qədər Avropa İttifaqı bütün addımlarını ABŞ ilə məsləhətləşərək atıb. Gördüyümüz indiki mənzərə isə tamamilə başqa məsələlərdən xəbər verir. ABŞ-nin Vitse-prezidenti Vens Münhen Təhlükəsizlik konfransında çıxışı zamanı Avropa İttifaqını başdan-başa tənqid etdi. Aİ bu tənqidlərdən nəticə çıxarsa, daha yaxşı olar”.

Nəsimi Ələsgərli