Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçika səfiri XİN-ə çağırıldı

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, görüşdə X.Xələfov Ermənistan tərəfindən iki ölkənin sərhədində törədilmiş son hərbi təxribatın həm iki ölkə arasında, həm də bölgədə gərginliyin alovlanmasına xidmət etdiyini qeyd edib.

Son zamanlar radikal ermənilər tərəfindən Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarının törədildiyi, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxilə cəhdlərinin edildiyi, həmin ölkələrdə fəaliyyət göstərən diplomatlarımızın təhdid edildiyi, soydaşlarımıza qarşı hücumların təşkil edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu ilin 22 iyul tarixində Belçika Erməniləri Komitəsinin çağırışına uyğun olaraq, Brüsseldəki Səfirliyimizin qarşısında ciddi təxribat və vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayişin keçirildiyi Belçika səfirinin və Aİ nümayəndəsinin diqqətinə çatdırılıb. Öncədən Belçikanın bütün aidiyyəti hökumət orqanlarına dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, bu təxribatların qarşısının istənilən səviyyədə alınmadığı vurğulanıb.

Nazir müavini hadisələr zamanı “REAL” televiziyasının Avropa müxbiri də daxil olmaqla, 6 azərbaycanlı diaspor nümayəndəsinin ciddi xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

X.Xələfov qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Nazir müavini, eyni zamanda Kestutis Yankauskasa müraciət edərək, Avropa İttifaqının dünyada insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verdiyi halda, çox açıq şəkildə baş vermiş ksenofobiya, vanadalizm, irqi ayrı-seçkilik zəminində baş vermiş son hadisələrlə bağlı hər-hansı açıqlama vermədiyini bildirib. O, bunun Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olduğunu və suallar doğurduğunu vurğulayıb.

Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilk öncə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisə nəticəsində həyatını itirmiş Azərbaycan hərbçilərinin və mülki vətəndaşının həlak olması ilə əlaqədar Azərbaycan xalqına və həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verib.

Səfir B.Şufs Brüsseldə keçirilən aksiyanın icazəsiz olduğunu, bu barədə məlumatlı olduqlarını və məhz bu səbəbdən səfirliyin ərazisinə çox sayda polislərin yerləşdirildiyini bildirib. Bununla belə, səfir, polislərin yetərli sayda olmadığını və dinc nümayişçilərə qarşı hücum edildiyini qeyd edib.

Brüsseldə 200-ə yaxın diplomatik missiyanın fəaliyyət göstərdiyini qeyd edən səfir, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinin olduqca vacib olduğunu bildirib. O, Səfirliyin inzibati binasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yerli hakimiyyət orqanlarına müvafiq təlimatların verildiyi diqqətə çatdırıb.

Səfir B.Şufs bu məsələnin Belçika hökuməti tərəfindən ciddi bir hal kimi qəbul edildiyini, görüşdə qaldırılan məsələlərin müvafiq şəkildə Mərkəzə çatdırılacağını bildirib, məsələnin araşdırılacağını, müvafiq tədbirlərin görüləcəyini və görüləcək işlərlə bağlı Azərbaycan tərəfinin məlumatlandırılacağını vəd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas da cəbhədə baş vermiş hadisələr zamanı həyatını itirmiş hərbçilər və mülki vətəndaşla bağlı Azərbaycan xalqına və onların ailə üzvlərinə başsağlığı verib.

K.Yankauskas hadisələri yaxından izlədiyini son günlərdə Avropanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma hadisələrinin davam etməkdə olduğunu təəssüflə bildirib.

Aİ nümayəndəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi ilə bağlı məsələlərin Avropa İttifaqı tərəfindən yaxından izlənildiyini və beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı bəyanat verildiyini qeyd edib. O, Brüssel ilə mütəmadi qaydada videokonfrans vasitəsilə əlaqə yaradıldığını qeyd etdi və hazırkı görüşdə qaldırılan məsələlərin müvafiq qaydada Aİ rəsmilərinin diqqətinə çatdırlacağını vəd edib.