“Aİ-nin qapısı Gürcüstanın üzünə açıqdır” – Borrel

 

“Namizəd statusuna layiq olmaq lazımdır və Gürcüstanın bununla bağlı hələ çox işi var”.

Yenicag.az xəbər verir ki, bu barədə Tbilisidə olan Avropa İttifaqının ali nümayəndəsi Cozef Borrell məlumat verib.

“İlk növbədə qeyd etmək istərdim ki, Gürcüstan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. İndi sizin gələcəyiniz üçün həlledici məqamdır, çünki bir neçə həftədən sonra Avropa İttifaqı Gürcüstanın Aİ-yə yolu ilə bağlı növbəti addımları müzakirə edəcək və öz tarixində ilk dəfə Gürcüstanın genişlənmə ölkəsi kimi hesabatını təqdim edəcək.

Və belə bir mühüm məqamda mən çox aydın olmaq istəyirəm – Avropa İttifaqının qapısı Gürcüstanın üzünə açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməyə sadiqdir. Qapı açıqdır və bu yolda sizə dəstək olmaq istəyirik.

Amma onu da deməliyəm ki, Aİ-yə üzvlük üçün müraciət etmək həm də ciddi öhdəlikdir. Namizəd statusu isə ölkələrin avtomatik olaraq sahib ola biləcəyi bir şey deyil. Ciddi islahatlara və Avropa dəyərlərinə sadiqliyə borcludur. Düzünü desəm, bununla bağlı hələ çox iş görülməlidir”, – Borrel bildirib./Unikal/