Aİ-nin xüsusi nümayəndəsi Bakı-İrəvan münasibətlərini müzakirə etdi

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ankarada Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə o, özünün X səhifəsində yazıb.

“Ankaraya səfərimizi müsbət nəticə ilə başa vurduq. Mən Cənubi Qafqaz və regional məsələlər, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, Gürcüstandakı daxili siyasi münaqişə, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görə türk tərəfdaşlarımıza minnətdaram”, – diplomat vurğulayıb.

Onun sözlərinə görə, danışıqlarda Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçün faydalı ola biləcək əməkdaşlıq və regional əməkdaşlıq imkanları da müzakirə olunub: “Artan qlobal çağırışlar qarşısında regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə töhfə vermək üçün səyləri ikiqat artırmaq lazımdır”.