Aİ nümayəndələri Azərbaycandakı mina problemləri barədə məlumatlandırıldı

Avropa İttifaqının nümayəndələri Azərbaycandakı mina problemləri barədə məlumatlandırılıb.

Bu barədə Yenicag.az-a Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin yer aldığı nümayəndə heyəti ilə görüşüb.

Görüşdə nümayəndə heyətinə işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğularla kütləvi şəkildə çirklənmə miqyası, mövcud mina probleminin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı manelər barədə məlumat verilib.

Həmçinin bildirilib ki, minaların və müharibənin partlayıcı qalıqlarının təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın müxtəlif yerlərində mövcudluğu daimi sülh və sabitliyə ciddi təhlükə yaradır.

Bu səbəbdən, qlobal miqyasda mövcud olan problem məhz qlobal səviyyədə səylərin birləşdirilməsini şərtləndirir.

Görüş əsnasında Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə istiqamətində görülən işlərə önəmli dəstək verən Avropa İttifaqının Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə mövcud dəstəyinin artırılması məsələləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.