AİB Azərbaycanda dəstək proqramını genişləndirir

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda maliyyə xidmətlərinin inkişafı sistemlərinin təkmilləşdirilməsində Azərbaycan hökumətinə və Mərkəzi Banka dəstək göstərir.

Bunu Yenicag.az-a Bankdan bildiriblər.

Qeyd olunub ki, hazırda kiçik və orta biznesin itkilərinin qarşılanması mexanizminin tətbiqi məsələsi nəzərdən keçirilir, eləcə də kifayət qədər maliyyələşməsi olmayan kiçik və orta biznes sektorunun milli maliyyə təşkilatları tərəfindən kreditləşməsinin artırılması üçün risklərin bölüşdürülməsi mexanizmi hazırlanır. Bu mexanizmin İpoteka və Kredit-Təminat Fondun tərəfindən idarə olunması gözlənilir. Layihə çərçivəsində təminatların verilməsi həcmi və miqyası genişləndirilə bilər.

Bankdan bildiriblər ki, 2020-ci il avqust ayından başlayaraq AİB tərəfindən maliyyələşdirilən konsaltinq şirkəti bu layihəni Azərbaycanda bütün maraqlı tərəflərlə müzakirə etməyə başlayıb.

Qurumdan onu da əlavə ediblər ki, AİB Azərbaycan Mərkəzi Bankının pandemiyanın maliyyə sektoruna fəsadlarının yumşaldılması üzrə tədbirlərini alqışlayır.