Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb

Ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydası açıqlanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və dekabrın 22-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) qanunda göstərilən ailə üzvlərinin nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ var. Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısının ölüm gününədək əlillər üçün müəyyənləşdirilmiş sığorta stajı olduqda təyin edilir. Təyin edilmiş pensiyanın ailəyə düşən ümumi məbləği əmək pensiyasının minimum məbləğindən az olduqda həmin məbləğə çatdırılmaqla ödənilir. Məsələn, 25 avqust 2017-ci il tarixdə vəfat etmiş 46 yaşlı sığortaolunan şəxsin 2006-cı ildən sonra 11 il 6 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 20500 manat sığorta kapitalı var. Onun ailə üzvləri (3 nəfər) ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət ediblər. Əmək pensiyası təyin edilməsi üçün vəfat etmiş ailə başçısının 10 il 4 ay (46 yaş – 15 yaş = 31) x 4 ay = 124 ay= 10 il 4 ay) sığorta stajı tələb olunur. Onun 11 il 6 ay sığorta stajı olduğu üçün ailəsinin əmək qabiliyyəti olmayan üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ var. Ailə başçısını itirməyə görə pensiya əliliyə görə pensiya kimi hesablanır. İlk növbədə tələb edilən sığorta stajına mütənasib olaraq sığorta davamiyyəti əmsalı hesablanır:

124 ay:192= 0,6458;

Sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi aylarının sayına (144) vurulur (0,6458×144=93) və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin ədədə bölünməklə ailə üzvlərinə ümumi məbləği 220,43 manat (20500:93=220,43 manat) olmaqla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilir.

Yaxud 10 avqust 2017-ci il tarixdə vəfat edən 61 yaşlı sığortaolunan şəxsin 15 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7885,0 manat pensiya kapitalı qeydə alınıb. Ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün onun iki nəfər ailə üzvü – arvadı və 21 yaşında əyani təhsil alan övladı müraciət ediblər. Ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün vəfat edən şəxsin 15 il 4 ay (61 yaş -15 yaş = 46) x 4 ay = 184 ay = 15 il 4 ay) sığorta stajı tələb edilir. Vəfat etmiş şəxsin ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya aşağıdakı qaydada hesablanır: 184:192= 0,9583×144=138; 7885:138=57,14. Ailəyə düşən əmək pensiyasının məbləği (57,14 manat) əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vəfat etmiş şəxsin ailə üzvlərinə təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyası minimum məbləğə çatdırılmaqla ödənilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin hər birinə düşən pensiyanın məbləği ailə üçün hesablanmış ümumi məbləğin əmək qabiliyyəti olmayan ailə üzvlərinin sayına bölünməsi yolu ilə müəyyənləşdirilir. Məsələn, 220,43 manat pensiya məbləği vəfat etmiş şəxsin üç nəfər ailə üzvü arasında, 31-ci misal üzrə müəyyən edilmiş 110 manat pensiya məbləği isə iki nəfər ailə üzvü arasında bölünəcək. 2017-ci ilin 1 iyul tarixinədək vəfat etmiş, yaşa və yaxud əlilliyə görə əmək pensiyaçısı olmuş ailə başçısının ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği, vəfat etmiş ailə başçısının pensiyasının ümumi məbləğinin (baza və sığorta hissələrinin cəmi) əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayına nisbəti şəklində müəyyənləşdirilir. Məsələn, yaşa görə əmək pensiyaçısı olan ailə başçısı 1 fevral 2017-ci il tarixdə vəfat edib. Onun pensiyasının məbləği 160 manat (baza hissəsi 110 manat + sığorta hissəsi 50 manat = 160 manat) təşkil edib. 20 iyul 2017-ci il tarixdə onun arvadı ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət edib. Vəfat edən pensiyaçının pensiyasının baza və sığorta hissələrinin cəmi məbləği (160 manat) onun arvadına sığorta hissə kimi ödənilməlidir.

COP29