“Ailə dəyərləri: Azərbaycan milli modeli” bu dəfə Bakı Qızlar Universitetində müzakirə olundu

Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyi (BLMM) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində “Ailə dəyərləri: Azərbaycan milli modeli” mövzusunda növbəti müzakirəni Bakı Qızlar Universitetində təşkil edib.

Yenicag.az xəbər verir ki, BLMM-in sədri Zülfüqar Ələsgərov tədbirin məhz Bakı Qızlar Universitetində keçirilməsinin təsadüfi olmadığını bildirərək qeyd edib ki, Universitetdə yalnız qızların təhsil alması belə mövzuların bu təhsil ocağında müzakirəsini daha da anlamlı edir:

“Çünki onlar ixtisaslı mütəxəssis kimi yetişməklə yanaşı, həm də gələcəyin analarıdırlar. Savadlı anaların yetişməsi savadlı, vətənpərvər nəslin yetişdirilməsi deməkdir. İndi Azərbaycana savadlı və vətənpərvər xanımlar, gələcəyin anaları hava su kimi lazımdır”.

Universitetin rektoru, professor Ağarəhim Rəhimov belə mənəvi dəyəri olan mövzunun bu təhsil ocağında keçirilməsini təşkil edənlərə minnətdarlığını bildirib. Qeyd edib ki, xalqımız milli ailə dəyərlərini hər zaman yüksək qiymətləndirib və bu ənənələr layiqincə davam etdirilir. A. Rəhimov universitetin mövcud olduğu 31 il ərzində qızların təlim tərbiyyəsində, cəmiyyətin ən fəal və liderlik keyfiyyətinə yiyələnməsində apardığı ardıcıl, inadlı mübarizədən bəhs edib, qarşıya çıxan çətinılikləri necə dəfə etdiklərindən misallar gətirib.

Geniş məruzə ilə çıxış edən “Ümidli Gələcək” İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova qadının cəmiyyətin tərəqqisindəki rolundan, gender münasibətləri, qadın və uşaqların müdafiəsindən, Azərbaycan milli ailə dəyərlərinin əhəmiyyətindən ətraflı bəhs edib.

Bakı Qızlar Universitetinin Tədris işləri üzrə prorektoru Havva Abdullayeva çıxışında bu cür həssas mövzuların universitetlərdə təşkil edilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, gənclərin mənəvi zənginliyinin inkişafında, milli-mənəvi dəyərlərə bağlılığında bu kimi müzakirələrin rolu böyükdür. Prorektor bir sıra maraqlı faktları də tədbir iştirakçıları ilə paylaşıb və tələbələrin üzləşdikləri problemlərə necə yanaşılmalı olduğunu əyani şəkildə göstərib.

Tədbir tələbələr arasında çox maraqla qarşılanıb. Qərara alınıb ki, ictimai birliyin universitetlə əlaqələri yalnız layihə çərçivəsində məhdudlaşmasın və vaxtaşırı bu tip müzakirələr təşkil edilsin.