Ailə hansı halda vəfat edən şəxsin kreditini qaytarmaya bilər?

“Bir müddət öncə kommersiya banklarının birindən kredit götürüb yük avtomobili alan tanışım yol qəzasında dünyasını dəyişib. Bank isə onun götürdüyü 20 min manat krediti vərəsələrindən tələb etməyə başlayıb”.

Yenicag.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, ailənin durumu yaxşı olmasa da, kreditin qaytarılması qaçılmaz idi:

“Tanışları və qohumları dünyasını dəyişən şəxsin vərəsəsinə maddi dəstək olaraq banka olan borcu qaytardılar. Belə halların sayı kifayət qədər çoxdur. Dünyasını dəyişən şəxsin kredit öhdəliklərinin vərəsəsinə transfer olunması əksər hallarda ailələr üçün çətinliklər yaradır. Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak krediti verilib. Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borclananların sayı kifayət qədər çoxdur”.

Deputat bildirib ki, statistikaya əsasən, istehlak krediti götürənlərin 95.0 faizinin sığortası yoxdur: “Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni, onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Əgər krediti götürən şəxs həyat sığotasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır. Bu baxımdan, kreditlər verilən zaman sığortadan istifadə olunması əhəmiyyətlidir. Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni vacib hesab edirik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq, bu borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin də azalmasına gətirib çıxara bilər”.

V.Bayramov qeyd edib ki, sığorta haqqı yüksək olmadığından differensial olaraq ödəniş paylaşdırıla bilir: “Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən şəxslər üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Kredit götürən şəxs dünyasını dəyişərsə, o halda borcu vərəsə, yəni, ailə üzvü qaytarmayacaq. Sığorta şirkəti borcu tam olaraq banka ödəyəcək. Sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir”.

 

COP29