!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ailədaxili şiddət və uşaqların psixologiyası: "Bu onların insanlarla münasibətinə mənfi təsir edir"

!Reklam – Yazi

Azərbaycanda qadına qarşı zorakılıq və qadın qətlləri hər gün artırmada davam edir. Belə ki, cari ilin 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məişət zorakılığı ilə bağlı müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər də üstünlük təşkil edib. Qəribədir ki, ailədə fiziki və psixoloji zorakılıqla üzləşən qadınlar hüquq-mühafizə orqanlarına müraciət etsələr də, çox hallarda onların şikayəti təmin olunmur. Müvafiq qurumlar sadəcə tərəfləri barışdırmaqla problemin həllinə can atırlar. Bu isə ailədaxili məşiət zorakılığı faktların azalmasının qarşısını almır.

Mövzu ilə bağlı gender məsələləri üzrə ekspert Aynur Veysəlova Yenicag.az-a açıqlamasında bildirib ki, məişət zorakılığına məruz qalan şəxslərin arasında yetkinlik yaşına çatmayan uşaqlar da var:

“Bu gün mübahisələrin ən yumşaq alternativ həll metodu kimi mediasiya prosesindən istifadə olunur. Bu, yeni yanaşmadır. Mediasiya prosesi bir çox ailələri yenidən barışdıra bilib, ailədaxili mövcud problemlər aradan qaldırılıb. Ailə o qədər mürəkkəb institutdur ki, hər zaman müəyyən ziddiyyətlər yarana bilər. Əsas olan problemi həll edərkən qarşılıqlı təhqirə, şiddətə yol verilməməsidir. Əgər tərəflər arasındakı münaqişələr davamlı hal alarsa, deməli, ailənin birgə yaşayışı sual altındadır.

Sağlam düşüncəli insan problemin həllinə çalışmalıdır. Çünki ailədaxili şiddətin artması uşaqların travma almasına, gələcəkdə psixoloji cəhətdən çətinliklə üzləşməsinə və insanlarla münasibətinə mənfi təsir edir. Həmçinin uşaq gələcəkdə zorakı əməllər sərgiləyə bilər. Qətlə yetirilməkdənsə, boşanmaq ən yaxşı variantdır. Əslində, boşanma hallarını təqdir etmirəm, lakin məişət zorakılıqlarının qarşısını almaq üçün daha optimal həll yollarından istifadə olunması qaçılmazdır. Bu məsələdə vətəndaş cəmiyyəti də mühüm rol oynayır”.

Gülşən Şərif

www.yenicag.az

226
Ads
www.veteninfo.com
!Reklam – Arxiv