!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Akademik adı orta məktəb dərsliyi müəllifi üçün məqbul hesab edilmir” – Təhsil eksperti

!Reklam – Yazi

“Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxışı zamanı Təhsil Naziri Mikayıl Cabbarov deyib ki,onlara verilmiş yeni səlahiyyətlərə uyğun olaraq, Təhsil Nazirliyi artıq birbaşa olaraq, orta məktəb dərsliklərinin müəllifləri ilə müqavilələr bağlaya biləcək”.

Bu sözləri Yenicağ.Az-a danışarkən təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, nazir təklif edib ki, Təhsil Nazirliyinin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmazdan əvvəl nəzərə ala bilək:

“Mikayıl Cabbarovun nəzərinə çatdırmaq istəyirəm ki, hazırda orta məktəblərdə istifadə olunan dərsliklərin böyük əksəriyyətinin müəllifi elə AMEA-nın professor və akademikləridir. Əlbəttə ki, onlar Azərbaycan elminə böyük xidmətlər göstərmiş, töhvələr vermiş şəxslərdir. Amma belə olan halda orta məktəb dərsliklərindən hansısa inkişaf gözləmək olmaz. Çünki orta məktəb kitabı akademik kitab olmamalıdır. Onda yerləşdirilən informasiyalar nə qədər sadə olarsa şagirdləri bir o qədər cəlb edəcək. Hesab edirəm ki, bu halda dərsliklərin inkişafından danışmaq olmaz. Çünki tenderə buraxılan alternativ dərsliklərə AMEA-nın komissiya üzvləri və ekspertləri mənfi rəy verəcək, bundan sonra onların həmkarlarının müəllifi olduqları dərsliklər qalib gələcək. Rusiyada orta məktəb kitabının müəllifi heç bir akademik ola bilməz. Bu, qeyri-etik hesab olunur. Çünki akademik adı orta məktəb dərsliyi müəllifi üçün o qədər də məqbul hesab edilmir”.

Son üç il ərzində Azərbaycan təhsil sistemində demək olar ki, hər ay islahat və yeniliklərin şahidi oluruq:

“Bir neçə ay bundan əvvəl məhz dərslik siyasətinə təsir göstərə biləcək vacib qərarlardan birini də məhz Təhsil nazirliyi vermişdi. Belə ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 2020-ci ilə qədər ümumtəhsil məktəblərindəki bütün şagirdlərin planşetlərlə təmin olunacağı barədə rəsmi məlumat verildi. Hansı formada şagirdə, oxucuya çatdırılmasından asılı olmayaraq, dərsliklərin məzmununa ciddi nəzarət edilməlidir. Çünki keçmiş postsovet dövlətləri arasında Azərbaycan qədər təhsilə dövlət səviyyəsində sərmayə və diqqət ayrılan ikinci respublika yoxdur. Danılmaz faktdır ki, şagird üçün əsas bilik mənbələrindən biri də dərsliklərdir. Əgər hər hansı fənn üzrə keyfiyyətli dərslik olarsa, şagirdlər üçün həmin fənni mənimsəmək bir o qədər rahat olar. Artıq illərdir ki, Azərbaycanda ümumtəhsil məktəbləri üçün yeni kitablar nəşr olunur. Kitablar dizayn cəhətdən professional şəkildə olsa da içindəki materiallar barəsində bunu deyə bilməyəcəm. Çünki xüsusilə aşağı sinif kitablarında çoxsaylı nöqsanlar mövcuddur”.

Qeyd etməliyəm ki, dərsdə tədris vəsaitlərinin rolu böyükdür:

“Belə ki, şagirdlər bir çox bilikləri dərsliklərdən əldə edirlər. Dərsliklərlə bərabər yeni test topluları, əlavə dərs materialları da çap olunur. Orta məktəb şagirdlərinə verilən test tapşırıqlarına nəzər yetirəndə nə qədər çətin olduğunu görürük. Bu da onu göstərir ki, dərsliklər üzrə vahid strategiya müəyyən olunsa da, yekunda bu standartlar kağız üzərində qalır. Qeyd edim ki, dərslikdən fərqli olaraq, standartın tələbləri mənimsənilmir, o tələblərə qeyd-şərtsiz əməl edilir. Digər tərəfdən, standart, şagirdin dərs ilinin sonuna mənimsəməli olduğu bilik və bacarıq səviyyəsinin yalnız yolverilən aşağı həddini normalaşdıran tələblər sistemindən ibarət olub, bu bilik və bacarıqlara hansı üsullarla yiyələnməli olunduğunu təyin etmir. Əgər dərsliklər məzmun standartlarının tələbləri əsasında işlənib hazırlansaydı, o halda, şagirdin dərs ilinin sonuna mənimsədiyi bilik və bacarıqların səviyyəsi məzmun standartlarının normallaşdırdığı səviyyənin yol verilən aşağı həddi ilə məhdudlaşmaz, şagird daha yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmək imkanına malik olardı. Deməli, dərsliklər məzmun standartlarının tələbləri əsasında deyil, əvvəlcədən işlənib hazırlanmış, daha əhatəli sənəd olan fənn proqramları əsasında işlənib hazırlanmalıdır. Fənn proqramları isə kurrikulum demək deyildir. Məzmun standartları isə dərsliklərin məzmunu əsasında işlənib hazırlanmalıdır”.

Mən təklif edirəm ki, bizdə bir fənn üzrə müxtəlif dərsliklər olsun:

“Bu təcrübədən Hollandiyada istifadə olunur. Məsələn, bu ölkədə bir fənn üzrə 6 dərslik var. Sual oluna bilər ki, niyə belədir? Ona görə ki, müəllim özünün və şagirdlərin hazırlığından asılı olaraq, onlardan uyğun gələnini seçə bilsin. Bu, imkan yaradacaq ki, məktəblərdə şablon, qəlibə salınmış dərsliklərdən istifadə olunmasın. Çünki məktəblərdə şablon dərsliklərdən istifadə edilməsi dərslərin də şablonlaşmasına gətirib çıxarıb. Məsələn, bu gün məktəblərdə müəllimlər hər bir dərs üçün plan tərtib edir. Həmin plan 12-13 maddədən ibarət olur: məqsəd, motivasiya, dərsin strukturu, metodları, qiymətləndirmə, nəticə, evə tapşırıq və sair… Yəni hər müəllim bu cür qəlibə salınmış 1-2 səhifəlik plan tərtib etməklə sinifə daxil olur. Əslində, dərslik yaradıcı olmalıdır ki, müəllim də öz yaradıcılığını ortaya qoysun. Bugünkü dərsliklər müəllimlərin yaradıcılığını əllərindən alıb. İndi müəllimlər demək olar ki, robotlaşıblar. Bir sözlə, biz müəllimlərə müstəqillik vermirik. Keyfiyyətli dərsliklərin hazırlanması hər bir təhsil sistemi üçün prioritet məsələdir. Xüsusilə də informasiya cəmiyyətində yaşadığımız indiki dövrdə biliklərin məzmunca köhnəlmə intensivliyi artdıqca, bütün keyfiyyət meyarlarına uyğun gələn dərslik nümunələrinin hazırlanması aktuallaşır. Bu gün bilik qazanmağın məkan və zaman ölçüləri dəyişdiyindən dərsliklər də bu rəqabətə dözümlü ola bilməlidirlər. Təəsüflər olsun ki, bizdə yeni standartlar əsasında yazılan kitablar elə köhnənin üzərində kiçik redaktə etməklə yeni kurrikulum adı altında çap etdirilməsi ilə başa çatır. Başqa bir təklifim də odur ki, vahid dərslik mərkəzi yaradılsın. Daha dərsliklər nəşriyyatlar tərəfindən hazırlanıb təqdim edilməsin. Müstəqil olan dərslik idarəsi müxtəlif mütəxəssisləri cəlb edərək, vahid standartlar əsasında dərsliklər yazsınlar”.

Gülnarə Eynullaqızı
Yeniçağ.Az

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv