!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Akademikin son əsəri” təqdim edildi

!Reklam – Yazi

Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Sabir Rüstəmxanlının “Akademikin son əsəri” kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, xalq şairi Fikrət Qoca çıxışında deyib ki, S. Rüstəmxanlı həm yaxşı şair, həm də yaxşı yazıçıdır.

AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, S. Rüstəmxanlı bədii yaradıcılıqda “Ömür kitabı” ilə yüksəlişə nail olub:

“Sabir bəyin xalq hərəkatında iştirakı, mitinqlərdə çıxışı yaddaşlarda unudulmaz iz buraxıb. Əsərdə bəzi obrazlar elə öz adları ilə verilib. Düşünürəm ki, “Akademikin son əsəri” kitabını hamı, xüsusən də gənc nəsil oxumalıdır. Çünki əsərdə yeni informasiyalar var”.

“Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, əsər maraqlı materiallarla zəngindir:

“Bu kitab məktəblərə paylanmalıdır. Burada söz verirəm ki, əsərin “Kaspi” liseyində müzakirə və təqdimatını təşkil edəcəyik. Mən ümumiyyətlə, Sabir bəyin qələmindən çıxan bütün əsərləri oxumağa çalışıram. Kitabda Turan ideyası ilə bağlı da məqamlar var. Bu əsərlə Sabir bəy sanki bugünkü nəsli daha ayıq-sayıq olmağa səsləyib. Azərbaycanın başına gətirilən bəlalar əsərdə dolğun formada işlənilib”.

Rejissor Rövşən Almuradlının fikrincə, əsərdə müəllifin vətəndaş mövqeyi, keçmiş və gələcəklə bağlı vətəndaş narahatlığı var. Millət vəkili Fəzail İbrahimli deyib ki, “Akademikin son əsəri” təkcə bədii yox, həm də tarixi əsərdir və əsərin qəhrəmanı tarixçi-alim Ziya Bünyadovdur.

Təqdimat mərasimi müzakirələrlə davam etdirilib.

Qeyd edək ki, “Akademikin son əsəri” Azərbaycan xalqının üzləşdiyi yeni fiziki və mənəvi repressiyaya – genetik savaşa həsr edilib.

 

www.yenicag.az

1374
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv