!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AKP-dən istefalarla “dizayn olunan” Türkiyə siyasəti - MÜSAHİBƏ

!Reklam – Yazi

“Türkiyə müxalifəti Ərdoğanı növbədənkənar seçkilərin keçirilməsinə məcbur edəcək gücdə deyil”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində Türkiyə baş nazirinin sabiq müavini Ali Babacanın hakim AKP-nı tərk edərək, Əhməd Davudoğlu və Abdullah Güllə birlikdə yeni siyasi qüvvə formalaşdırmaq cəhdinin perspektivini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

– Ali Babacanın AKP-dən istefa verərək, öz siyasi təşkilatını elan etməsi AKP-nin seçici kütləsini parçalaya bilər?

Elxan Şahinoğlu

– Bilirsiniz, hələ heç nə dəqiq deyil. Biz bilmirik ki, Abdullah Gül bu prosesə qoşulacaq, yoxsa yox. Abdullah Gül, Əhməd Davudoğlu və Ali Babacanın bir yerdə olub-olmayacağı da hələ bəlli deyil. Deyək ki, bu üç siyasətçi birlikdə yeni partiya qurdular, ancaq yenə də inanmıram ki, onların quracaqları partiya parlamentdə böyük çoxluğu öz ətraflarına toplaya bilsin və AKP-nin seçici kütləsinə nəzərəçarpacaq zərbə vursun. Türkiyə tarixində belə hallar çox olub. Ancaq o addımı atanların əksəriyyəti fiaskoya uğrayıblar. Deyə bilərik ki, yaxın tarixdə Səadət Partiyasından ayrılan AKP məhz Ərdoğanın xarizması hesabına böyük uğur əldə etdi. Düzdür, Ərdoğan və partiyası sonuncu İstanbul seçkilərində uduzdu. Ola bilsin, Ali Babacan və digərləri düşünürlər ki, Ərdoğana, onun partiyasına rəğbət azalacaq, yaranan boşluğu da yalnız onlar doldura bilərlər. Biz bu fikrin reallığa nə dərəcədə uyğun olduğunu gələcəkdə görəcəyik. Hələlik görünən budur ki, onların özləri də yaradacaqları partiyanın perspektivini düzgün hesablaya bilməyiblər.

– Ekspertlər belə hesab edirlər ki, Əhməd Davudoğlu və Ali Babacan iki ayrı partiya yaradacaqlar. Bunu mümkün sayırsınız?

– Bu, onların vəziyyətlərinin kritik olduğunu göstərir. Kim zəmanət verə bilər ki, bu iki nəfərin gələcək münasibətlərində böhran yaranmayacaq? Fikrimcə, müstəqil qüvvə kimi Türkiyə siyasi səhnəsinə bu şəkildə çıxmaları onlara uğur qazandırmayacaq və cəmiyyətdən gözlədikləri dəstəyi ala bilməyəcəklər. Həm də cəmiyyət onları “küskünlər” olaraq qəbul edib və AKP-dən ayrılmaqlarının məhz bu inciklikdən qaynaqlandığı düşünülür. Bu üç şəxsi sadəcə, küskünlük birləşdirir, başqa da heç nə. Ali Babacan və Əhməd Davudoğlu özlərinin Ərdoğan tərəfindən haqsız yerə uzaqlaşdırıldıqlarını düşünürlər. Onları birləşdirən elə bu mövqeləridir. İnanmıram ki, onların hansısa ideoloji baxışları geniş planda üst-üstə düşsün. Üç nəfərin bir deyil, iki ayrı partiya yaratmaq istəməsi də ortaya bəzi suallar çıxarır.

– Ərdoğan İstanbul seçkilərindən sonra AKP-də və ölkənin bir sıra sahələrində islahatlara başlayıb. Mərkəzi Bankın rəhbərinin dəyişdirilməsi də bu islahatların bir elementi hesab olunur. Bəs hökumətin tərkibində hər hansı ciddi dəyişikliklər gözlənilir?

– Yaxın müddət ərzində problemlər həll olunmasa və inflyasiyanın səviyyəsi aşağı salınmasa, Ərdoğan ötən on beş ildə olduğu kimi, yeni genişmiqyaslı təftişə başlayacaq. Ərdoğan belə yerdəyişmələri çox edib. Mərkəzi Bankın rəhbərinin vəzifədən uzaqlaşdırılması bunun bir işartısıdır.

– Türkiyədə növbədənkənar seçkilər məsələsi gündəmə gələ bilər? Bu ehtimalı necə dəyərləndirirsiniz?

– Erkən seçkilərə gediləcəyinə çox da inanmıram. Seçkilər böyük ehtimalla, 4 ildən sonra keçiriləcək. Ərdoğan da indiki şəraitdə növbədənkənar seçkilərin keçirilməsini məqbul saymaz. Eyni zamanda, Türkiyə müxalifəti də Ərdoğanı növbədənkənar seçkilərin keçirilməsinə məcbur edəcək gücdə deyil. Növbədənkənar seçkilərin aktuallaşması üçün iqtisadiyyat bərbad hala düşməli və siyasi böhran son həddə çatmalıdır. Mövcud şəraitdə bu, mümkün görünmür.

Söhbətləşdi: Aqil Bəkir

www.yenicag.az

4222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv