AKP millət vəkili: “Məsələnin fərqli məcralara çəkilməsi heç nəyi dəyişdirməyəcək”

Türkiyə və Almaniya arasındakı münasibətlər İncirlik aviabazası ətrafında yaranan gərginliklə əlaqədar bir qədər soyuyub. Hərbi əməkdaşlıq indi də alman parlament üzvlərinin Konyada yerləşən bazaya baş çəkmələri tələbi ilə sınanıb.

TBMM Almaniya Parlamenti ilə Dostluq Qrupunun sədri, AK partiyasının İstanbuldan seçilən millət vəkili Şirin Ünal məsələ ilə bağlı Yenicag.az-a danışıb:

“Alman əsgərlərinin İncirlik bazasından çəkilməsi qərarı Almaniyanın təkbaşına aldığı bir qərardır. Məlumdur ki, o qərardan sonra alman millət vəkillərinin Konyaya səfər etməsinə Türkiyə razılıq verməyəcəkdi. Başda cənab prezident Rəcəb Tayyip Ərdoğan olmaqla ali vəzifəli şəxslərin də dəfələrlə qeyd etdiyi kimi münasibətlərdə qarşılıqlı maraq və hörmət prinsipləri hər şeydən əvvəl dayanır. Türkiyə həmişə bu prinsipləri diqqət mərkəzində saxlayıb. Ancaq xüsusilə 16 aprel referendumundan əvvəl baş verən hadisələr və bu yaxınlarda cənab prezidentin G20 sammiti çərçivəsində Hamburqa səfəri zamanı vətəndaşlarla görüşməyinə icazənin verilməməsi ikitərəfli müttəfiqlik əlaqələrini zədələyib. Alman millət vəkillərinin Konyadakı hərbi bazaya gəlməsinə icazə verilmədikdən sonra səlahiyyətli nümayəndələr məsələnin NATO səviyyəsində müzakirə edilməsinə işarə vurdular. Demək istərdim ki, məsələnin NATO səviyyəsində müzakirəsinin bir nəticə verəcəyinə inanmıram. Türkiyə digər ölkələrin maraqlarına necə hörmət edirsə, o ölkələr də Türkiyənin maraqlarına və qarşılıqlı əlaqələrin həssaslığına hörmət etməyə borcludur.”

Yenicag.az

COP29