“Aksiyanın irəli sürülən tələblər yerinə yetirilənə qədər davam etdirilməsi əzmi…” – RƏY

“Xalq öz təbiətinin məhv olunmasına və faydalı qazıntıların talan edilməsinə etirazını bildirir”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlərə son qoyulması və ərazidə monitorinq aparılmasına şərait yaradılması tələbi ilə Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyasının davamlılıq müddəti haqda danışan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, artıq 26 gündür davam etdirilən etiraz aksiyasında irəli sürülən tələblər tam əsaslıdır və yerinə yetirilməlidir:

“İctimai fəalların dördüncü həftədir keçirdikləri etiraz aksiyasının məqsədi bəllidir və iştirakçıların orada səsləndirdikləri tələblər tamamilə haqlıdır. Bu aksiya bütövlükdə Azərbaycan cəmiyyətinin ermənilərin Qarabağda onilliklər boyunca törətdikləri və indi də davam etdirdikləri ekoloji cinayətlərə qarşı dinc təpkisidir. Xalq öz təbiətinin məhv olunmasına və faydalı qazıntıların talan edilməsinə etirazını bildirir.

Çox təəssüf ki, Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlıları aksiya iştirakçılarının məlum tələblərini yerinə yetirmək əvəzinə oradakı təbii sərvətlərimizin qanunsuz istismarını stimullaşdırır. Baxın, Rusiya sülhməramlılarının komandanı Volkov aksiyada səsləndirilən tələbləri reallaşdırmaq bir yana, onlarla görüşdən də yayınır. Buna baxmayaraq, o, üç-beş erməni bir yerə toplaşan kimi tələm-tələsik onlarla görüşməyə qaçdı. Bu davranış Rusiyanın da Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarında birbaşa iştirakını təsdiqləyən göstəricidir.

Təbii, qış fəslində, əlverişsiz hava şəraitində aksiyanın davam etdirilməsi ictimai fəalların fədakarlığıdır. İştirakçılar qarşıya qoyulan məqsədə tam nail olmaq qətiyyəti nümayiş etdirirlər. O baxımdan aksiyanın irəli sürülən tələblər yerinə yetirilənə qədər davam etdirilməsi əzmi yüksək qiymətləndirilməli və iştirakçılara dəstək verilməlidir. Dinc aksiyanın haqlı tələbləri mütləq yerinə yetiriləcək. Əks halda hadisələrin necə inkişaf edəcəyini ermənilər də, rusiyalı hərbçilər də yaxşı bilirlər”.

A.Zeynalov