Aktrisadan ETİRAF: “Həmin gün sevincimdən şok yaşadım”

“8 noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi bir gün – şanlı Zəfər Günüdür. Xoşbəxt xalqıq ki, bu günü görmək nəsibimiz oldu”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktrisa Firəngiz Mütəllimova Zəfər Günü ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Aktrisa danışdıqca sevinc, fəxarətdən doğan göz yaşlarına hakim ola bilməyib:

“Zəfər Günü münasibəti ilə teatrımızda “Qarabağnamə” tamaşasını təqdim etdik. Çox böyük coşqu ilə qarşılandı. Əvvəllər bu tamaşada oynayanda nə qədər sıxıntı hissi keçirirdimsə, indi artıq bu hissləri qürur, fəxarət hisləri əvəzləyib. Çünki artıq Qarabağ bizimdir, doğma torpaqlarımız özümüzə qayıdıb və Zəfər Günü həyatımda yaşadığım ən böyük və ilk möcüzədir. Həqiqətən də bu bir möcüzə idi”.

O etiraf edib ki, həmin gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin televiziyada “Şuşa sən azadsan!” sözlərini eşidəndə sevincindən şok yaşayıb:

“Bütün varlığım titrədi, elə bir hiss yaşadım ki, o duyğunu sözlə ifadə etmək mümkünsüzdür. İndi də bu sözləri təkrarlayanda göz yaşlarıma hakim ola bilmirəm. Bu, sevinc və qürurdan doğan yaş yaşlarıdır. Allaha milyon dəfə şükür etdim ki, “İlahi, bu torpaqlar işğaldan azad olundu”. Artıq azad Qarabağda, azad torpaqlarımızda rahatlıqla gəzir və xoşbəxtliyin dadını çıxarırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bizə bu xoşbəxtliyi yaşadan şanlı ordumuzun şan-şöhrətini daha da uca etsin. Allah bütün əsgər balalarımızı saxlasın, bizə şərəfli günü yaşadan müzəffər Ali Baş Komandanımızı qorusun. Zəfər Günü həm sevinc, həm ləyaqət, həm iftixar hissidir. Başda “Dəmir yumruğ”u ətrafında daim birləşdiyimiz qalib Prezidentimiz olmaqla. bütün xalqımızı ürəkdən təbrik edirəm!”

Cəvahir

COP29