“Bəzən yanlış olaraq geyimi insanın əxlaq göstəricisi kimi dəyərləndirənlər olur. Bu, kökündən yanlış bir düşüncədir. Əks cinsin nümayəndələri metroda, parkda, yaxud da hansısa bir məkanda şort, qısa ətək geyinən xanımlara elə baxırlar ki, sanki meşəyə adam gəlib. Hətta onları təhqir etmək, təzyiq göstərməkdən belə çəkinmirlər…”
Bunu aktrisa Güney Əkbərova Yenicag.az-a açıqlamasında deyib.
Geyimin əxlaq ölçüsü olmadığını bildirən aktrisa elə insanlara səslənib:
“Geyim əxlaq ölçüsü deyil. Belə bir deyim var, insanı geyiminə görə qarşıla, ağlına görə yola sal. Onsuz da ağlı başında olan insan getdiyi yerə uyğun geyinir. Hər halda, hansısa rəsmi bir tədbirə şort, yaxud da dekolte, qısa ətək geyinib getmirlər. İstirahət məkanında, bağda dincələndə insan istədiyi geyimdə ola bilər. Bu onun şəxsi seçimidir. Qaldı ki açıq-saçıq geyinənlərlə bağlı mənfi fikirlər səsləndirənlərə, onlara məsləhətim bu olardı ki, başqasının şəxsi həyatına müdaxilə etməyin. Öz ailənizdən və qohum-əqrəbanızdan başlayın. Çünki sizin də ailənizdə, yaxınlarınız arasında dekolte də geyinənlər var, şalvar, şort, qısa ətək də. Bəzən insanlar sosial şəbəkə hesablarında fotolar paylaşır. Dərhal mənfi reaksiyalar verməyə başlayırlar ki, bunların yiyəsi hara baxır, görəsən və sair. İnsanların özəl paylaşımlarının, fotolarının altında mənfi rəylər yazanda, irad tutanda öz yaxınlarınızı da gözünüzün önünə gətirin. Elə edin ki, o qızlara, xanımlara da söz gəlməsin. Düşünün ki, siz kimisə təhqir etdiyiniz kimi, onlar da kimlərinsə təhqirinə məruz qalacaq. Hər kəsin namusu özü üçündür”.
Cəvahir