Akademik Milli Dram Teatrında növbəti qalmaqal yaşanıb.
Yenicag.az xəbər verir ki, qalmaqal “Nazirin xanımı” tamaşası zamanı, elə səhnədə baş verib. Belə ki, tamaşada Xalq artisti Bəsti Cəfərova ilə eyni səhnəni bölüşən aktyor Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılar tərəfindən xüsusi alqışlanmaları tərəflər arasında narazılığa səbəb olub.
Sonradan Vüsal Mustafayev və Rada Nəsibovanın tamaşaçılarla əl verib, görüşmələri isə Bəsti Cəfərovanı özündən çıxarıb. O, ayaqqabılarını çıxardaraq, Rada Nəsibovaya “Səhnədən çıxın, yoxsa, gəlib bunu başınıza vuracam” deyib.
Sonra isə o səhnənin arxasına keçərək bərkdən, hamının eşidəcəyi tonda Rada Nəsibovaya onu teatrdan qovduracağını deyib: “Səni teatrdan, bu obrazdan çıxartdıracam”.
Xalq artistinin ürəyi bundan da soyumayaraq direktora şikayət də edib. Və bu insidentə görə Rada Nəsibovaya töhmət verilib.
Teatrdan onu da əlavə ediblər ki, Rada Nəsibova “Nazirin xanımı” tamaşasında əlacsızlıqdan rol almayıb: “Həmin rolu teatrın aktrisası Məsmə Aslanqızı oynayır. Məsmə xanım uşaq dünyaya gətirdiyinə görə işə çıxmır. Ona görə də həmin obrazı Rada xanım oynayıb. Bəsti Cəfərova bir müddət öncə Tofiq Hüseynovu da tamaşaçı tərəfindən tərifləndiyinə görə roldan çıxartdırıb”.
Rada Nəsibova bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. Xalq artisti Bəsti Cəfərova isə yalnız “sağ olun” sözlərini deyərək telefonu söndürüb.
Qeyd edək ki, yazıçı-dramaturq Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilən “Nazirin xanımı” tamaşasının quruluşçu rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyovdur.
Tamaşada əsas rolları Xalq artistləri Bəsti Cəfərova, Hacı İsmayılov, əməkdar artistlər Tofiq Hüseynov, Şəlalə Şahvələdqızı, Aslan Şirinov, Məsmə Aslanqızı, aktyorlar Vüsal Mustafayev, Ləman İmanova, Əminə Babayeva və başqaları ifa edirlər.