!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aktuallığını qoruyan özəlləşdirmə çekləri: "Problemin həlli istiqamətində hökumətə müvafiq təklifləri verə bilərik" - Zahid Orucla MÜSAHİBƏ

!Reklam – Yazi

Xatırladaq ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qəbul olunan qərara əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, vətəndaşlar bunun qanunsuz olduğunu bildirirlər. Ona görə də əlində çeki qalan şəxslər hüquqlarının bərpa olunacağı günü gözləyirlər. Hətta çek sahibləri ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət ediblər.

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Yenicag.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

– Zahid bəy, son zamanlar özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən gündəmdədir. Bu məsələ ilə bağlı sizə müraicət edilirmi?

– Parlament üzvü kimi bildirim ki, müxtəlif vətəndaşlarımızın çoxsaylı müraciətləri fonunda özəlləşmə çekləri ilə bağlı məsələ bu və ya digər formada gündəmdə özünə yer edib. Bu məsələdə müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. Çünki istər hüquqi, istərsə də taktiki məsələlərdə, bəlkə də, Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var. Bu yöndə müraciət edən şəxslər, əsasən, konkret arqumentlərlə çıxış edirlər. Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib.

Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu məsələdə hüquqi cəhətdən mübahisələndiriləcək məqamlar yetərincədir.

– Zahid bəy, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi müzakirə olunur. Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılacaq yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. Qanunda investisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilməməsi və dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzinin, o cümlədən əldən çıxmış faydanın Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödənilməsi öz əksini tapıb. Sizcə, investisiya haqqında yeni qanunda o vaxtı özəlləşdirmə çeklərini investisiya qoymaq üçün almış xarici və yerli investorların tapdanan hüquqlarının bərpası ilə bağlı maddə qəbul olunmalıdırmı?

– Komitə üzvü kimi deyə bilərəm ki, yüzlərlə insan özəlləşdirmə çeklərini saxlayır. Əslində, dövlət tərəfindən özəlləşdirmə çeklərinin tədavülə buraxılmasında başlıca məqsəd prosesin şəffaf şəkildə aparılması ilə vətəndaşların hüquqlarının qorunması və iqtisadi mühit üçün imkanların əldə edilməsindən ibarət idi. Hazırda dövlət özəlləşmənin sayca bir neçə mərhələsini reallaşdırmaqdadır. İstər hesabatlar dövründə, istərsə də büdcə müzakirələri zamanı bu fikir irəli sürülür ki, dövlət bir sıra sahələrdə öz rolunu ya azaltmalı, ya da birgə idarəetmə sistemi formalaşmalıdır. Bir neçə gün öncə mətbuatda məlumat yayılmışdı ki, özəlləşdirmə çekləri ilə bağlı proses artıq bitib. Bu fonda özəlləşdirmə çeklərinə malik olan şəxslər hüquqlarının təminatı üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Əslində, özəlləşdirmə çeklərinin yenidən tədavülü sahibkarlıq mühitinə müsbət təsir edə bilər. Eyni zamanda vətəndaşların hüquqlarının qorunması baxımından da uğurlu addım olar. Çünki ölkə rəhbəri hər zaman bu məsələyə xüsusi həssaslıqla yanaşır. Sosial Tədqiqatlar Mərkəzinin təmsilçisi kimi deyə bilərəm ki, bu istiqamətdə çağırışlar və tələblər var. Ona görə də özəlləşdirmə çekləri ilə bağlı məsələyə laqeyd yanaşmaq doğru deyil. Hesab edirəm ki, qarşıdakı zamanlarda parlamentin digər komitələri səviyyəsində ictimai müzakirələr aparmaqla problemin həlli istiqamətində hökumətə müvafiq təklifləri verə bilərik.

– Bir neçə il öncə Milli Məclisin iclasında özəlləşdirmə çekləri ilə bağlı məsələni müzakirəyə çıxarmışdınız. Hazırkı aktuallığı nəzərə alsaq, bu mövzunu yenidən parlamentin iclaslarında səsləndirməyi düşünürsünüzmü?

– Doğrudur, bu məsələni zamanında qaldırmışam. Hətta prezident seçkiləri kampanyası zamanı da debatlarda bu məsələ gündəmə gəlmişdi. Bizə olunan müraciətlər fonunda İqtisadiyyat Komitəsinə məsələnin daha geniş çatdırılması və digər komitələr çərçivəsində müvafiq təkliflərin hazırlanması istəyini ifadə edəcəyik. Eyni zamanda, bu məsələni parlamentin iclaslarında müvafiq iqtisadi sektoru təmsil edən nazirliklərin iştirakı ilə təkrar dilə gətirməyə hazırıq.

– Özəlləşdirmə çekləri ilə bağlı məsələ sosial olsa da, bəzən mövcud problemi siyasiləşdirən şəxslər də olur. Belə ki, əlində çeki qalan vətəndaşların hüquqlarının tapdanmasını siyasi amillərlə bağlayan qüvvələr var. Sizcə, məlum problemin həlli siyasi və vətəndaş-dövlət nöqteyi nəzərindən hansı təsirlərə malik ola bilər?

– Düzdür, məsələ siyasi deyil. Lakin fərqindəyik ki, informasiya şəbəkələrində bu mövzu müəyyən dərəcədə siyasiləşdirilir. Müxtəlif qruplar bu məsələni dövlət əleyhinə yönəldirlər. Ölkədə milyonlarla mülkiyyət sahibi var və bu mülklər iqtisadiyyatın ayrılmaz hissəsidir. Dövlətin sahib olduğu mülkiyyətə əlçatanlıq Konstitusiya üzrə elan olunur. Azərbaycan totalitar quruluşun mirasından xilas olub və bu gün ölkədə bazar iqtisadiyyatının prinsipləri bərqərardır. Bu fonda özəlləşdirmə çekləri kimi sosial mövzuda atılan addımlar yalnız müsbət hal kimi qarşılana bilər. İki devalvasiya nəticəsində zərər çəkən insanlarla bağlı bir sıra sosialyönümlü tədbirlər görülüb, 2019-cu ildə isə sığorta haqlarının ödənməsi ilə bağlı addımlar atılıb. Lakin özəlləşdirmə çekləri məsələsində kompensasiya forması deyil, əlində çeki qalmış insanların gələcəkdə özəlləşmə prosesində hansısa formada iştirakı üzərində düşünülə bilər. Bu, önəmlidir. Təbii ki, qərarı, əsasən, iqtisadi qurumlar müəyyənləşdirməlidir. Bununla bağlı ayrıca sənəd hazırlana bilər.

Özəlləşdirmə çeklərinin yenidən tədavülü qiymətli kağızlar bazarı üçün də əhəmiyyətlidir. Hər bir qiymətli kağızın arxasında dayanan bir iqtisadi dəyər var. Dünya birjalarında çeklərdən səhmlərə doğru gedən bir proses var. Bu gün müxtəlif zavodlar, fabriklər və müəssisələr qoyulan çeklər qarşılığında dividentlər əldə ediblər. Qazanılan gəlirlər fonunda həmin şəxslər pay sahibi olurlar. Vətəndaşın bu və ya digər sahəyə yatırımlar etməsi iqtisadi cəhətdən müsbət haldır. Özəlləşdirmə çekləri ilə bağlı qərarın qəbulunda dövlətin və vətəndaşların maraqları nəzərə alınmalıdır ki, antimilli qüvvələr vəziyyətdən sui-istifadə edə bilməsinlər.

Söhbətləşdi: Gülşən Şərif

www.yenicag.az

57312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv