Aktyorları sevindirəcək XƏBƏR – Xalq artisti AÇIQLADI

Vaxtilə televiziya tamaşaları çəkilirdi və həmin teletamaşaların böyük tamaşaçı kütləsi var idi. Sonradan bu teletamaşaların çəkilişi dayandı və onları bayağı, ucuz seriallar, komik səhnəciklər əvəzləməyə başladı. Nəhayət ki, tamaşaçıların sevə-sevə baxdıqları teletamaşalar yenidən çəkilməyə başlayacaq.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış rejissor, Xalq artisti Ramiz Həsənoğlu deyib.

Vaxtilə çəkilən ən gözəl televiziya tamaşalarının rejissoru olan Ramiz Həsənoğlu dəqiq tarix açıqlamasa da, yaxın zamanlarda tamaşaçıları sevindirəcəyini bildirib:

“Hamımız bu ənənənin bərpa olunması üçün çalışırıq. Artıq bu istiqamətdə işə başlamışıq. Yaxın gələcəkdə nə dərəcədə buna nail olduğumuz görünəcək. Kanalların sayı, tamaşaçıların seçim imkanları çoxdur. Əvvəllər yalnız bir ana televiziya var idi, İctimai Televiziyamız da var. Digər kanallar sonradan yarandı. Tamaşaçıların diqqətini hərə bir tərəfə çəkdi. Bədii quruluşun yerini heç nə vermir. Bu işi də yalnız sanballı kanallar görə bilər. Digər kanallar daha çox reklam dalınca qaçır”.

Rejissor teletamaşaların çəkilməsi üçün yaradıcı potensialın da olduğunu bildirib:

“Bu, bir komanda işidir, kollektiv əmək sərf olunur. Ssenari, rejissor, operator, rəssam işi, aktyorlar hamısı vəhdət təşkil etməlidir. Kollektiv iş də elədir ki, bir-birini tamamlamalıdır.

Bunlar hamısı təşkilati məsələlərdir. Vaxtlı-vaxtında hər şey yerli-yerində olsa, hər şey üst-üstə düşsə, demək ki, nəticə də uğurlu olacaq”.

Cəvahir

COP29