Alay komandirinin “yol əhvalatı”

 Etiraf etmək lazımdır ki, hazırda polis orqanlarında, eləcə də yol hərəkətinin təhlükəsizliyini təmin edən Dövlət Yol Polisi İdarəsində günün tələblərinə cavab verən islahatlar həyata keçirilir

Daxili işlər naziri Ramil Usubovun birbaşa nəzarəti altında həyata keçirilən həmin islahatlar özünün müsbət nəticələrini verir, əvvəllər müşahidə olunan neqativ hallar isə minimuma enib.

Sözsüz ki, bu həm də DYP rəhbərliyinin gərgin əməyinin nəticəsidir və bunu danmaq mümkün deyil. Ancaq təəssüf hissiylə onu da qeyd etməliyik ki, bəzi DYP rəsmilərinin qanunsuz davranışları sözügedən müsbət işlərə kölgə salmaqla yanaşı, vətəndaşlarda da narazılıq yaradır. Fəaliyyəti narazılıq doğuran, mütəmadi olaraq ölkə mediasında qanunsuz əməllərinə görə adı hallanan belə vəzifəlilərdən biri də DYP-nin yol-patrul xidməti alayının komandiri, polkovnik-leytenant Rəşadət Babayevdir.

Rəşadət Babayev haqda zəruri bilgi…

Rəşadət Babayev indiki vəzifəsinə qədər DYP rəisinin ikinci müavini vəzifəsində çalışırdı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmrilə isə o DYP-nin yol-patrul xidməti alayının komandiri vəzifəsinə təyin olunub. Göründüyü kimi, Rəşadət Babayev nazirin əmrilə daha yüksək vəzifədən nisbətən aşağı vəzifəyə təyinat alıb ki, bu da bir qayda olaraq səbəbsiz olmur.
Hər halda, çıxan nəticə budur ki, Rəşadət Babayev DYP rəisinin müavini postunda qüsursuz işləsəydi daha aşağı vəzifəyə təyin edilməzdi. Amma görünən həm də odur ki, Rəşadət Babayev heç indiki vəzifəsinin də öhdəsindən layiqincə gələ bilmir və bu da narazılıqların artmasına gətirib çıxardır.

Şəxsi “CİP”i ilə reydə çıxan alay komandiri

“Unikal” qəzetinin əldə etdiyi məlumata görə, Rəşadət Babayev müntəzəm olaraq “90-700” dövlət seriya nömrəli, ağ rəngli şəxsi “CİP” avtomobili ilə reydə çıxır. Əslində buna heç reyd də demək olmaz, əgər şəhərdə kimsə Rəşadət Babayevin idarə etdiyi avtomobili ötüb keçirsə, yaxud hansısa digər səbəbdən onun gözünə xoş görünmürsə həmin avtomobil dərhal saxlanılır və heç bir səbəb göstərilmədən cərimə meydançasına aprılır.

Bununla bağlı “Unikal”a danışan sürücü başına gələnləri belə təsvir edir: “Avtomobilimi saxladılar, soruşdum ki, nə baş verir? Qayda pozmamışam, radarım və ya hər hansı cəriməm yoxdur. Mənə heç bir izahat vermədən avtomobilimi “ştrafnoy”a apardılar, yalnız cəriməni ödədikdən sonra avtomobilimi oradan çıxarda bildim. Sonradan öyrəndim ki, “günahım” Rəşadət Babayevin avtomobilini ötməyim imiş. Belə qanunsuzluq olar? Rəşadət Babayev reydə çıxıbsa bunu niyə şəxsi avtomobilində və mülkü geyimdə edir?”.
Amma bu Rəşadət Babayevin adının hallandığı yeganə qanunsuzluq deyil. Onunla bağlı daha bir fakta nəzər salaq.

DYP-də ali təhsilli serjantlar

Mövcud qanunvericilik yol verməsə də hazırda Dövlət Yol Polisində ali təhsilli serjantlar çalışır. Belə serjantlardan biri isə Rəşadət Babayevin “sağ əli” sayılan Novruzov Təbriz Mehman oğludur. Araşdırmalarımız zamanı bəlli olub ki, Təbriz Novruzov xalq arasında “Politexnik” kimi tanınan ali təhsil ocağını bitirib. O, 2009-cu ildə universitetə daxil olub və 2013-cü ildə bitirb. O, ali təhsilli olması serjant kimi çalışmasına yol verməsə də, Rəşadət Babayevin sayəsində o qanunları rahatlıqla tapdalaya bilib.
Ali təhsilli şəxslərin DYP-də serjant işləməsinin nə dərəcədə doğru olduğunu öyrənmək üçün əməkdaşımız hüquqşünas Mehman Muradlı ilə əlaqə saxlayıb və o bu kimi halların qanun pozuntusu olduğunu bildirib: “Ali təhsilli şəxsin serjant işləməsi qanunla qadağandır və bu yolverilməzdir. Bu fakt təsdiqini taparsa müvafiq araşdırmaya ehtiyac duyulacaq”.

Alay komandirinin “yol əhvalatları”…

Kefi istəyəndə xoşuna gəlməyən sürücünü döyməkdən, şil-küt etməkdən belə çəkinməyən Rəşadət Babayevin karyerası “yol əhvəlatları” ilə xüsusilə zəngindir. Gəlin onlardan bir neçəsi ilə tanış olaq.
“Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev sürücüyə qarşı haqsızlıq edib.

Hadisə aprelin 12-də, saat 14:00 radələrində paytaxtın Nizami rayonu 8 km qəsəbəsi ərazisində, Babək prospektində baş verib. O, heç bir səbəb olmadan paytaxt sakini Natiq Telman oğlu Əhmədovu vətəndaşların gözü qarşısında küçə söyüşləri ilə təhqir edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşın şəxsi avtomobilini müsadirə edərək cərimə meydançasına apartdırıb. Rəis müavini vətəndaşı aftomobildən sürüyərək çıxarıb və onun paltarını cırıb. Zərərçəkən Natiq Əhmədov isə məsələ ilə bağlı ölkə prezidentinə müraciət edib”.

Oxuduğunuz sətirlər hansısa dedektiv filmin ssenarisindən deyil. Bu Rəşadət Babayevin öz ssenarisidir.
Görünür, Rəşadət Babayevlə bağlı hər hansı tədbir görülməməsi onun qanunsuz əməllərini davam etdirməyə həvəsləndirib.
Məsələylə bağlı Rəşadət Babayevin mövqeyini öyrənmək istəsək də, o bildirdi ki, bu barədə qəzet çap olunandan sonra münasibət bildirəcək.

Son əvəzi…

Azərbaycan hüquqi dövlətdir və hər bir vətəndaş ölkə qanunları qarşısında bərabər hüquqa malikdir. Lakin, deyəsən Rəşadət Babayev kimiləri tutduqları vəzifə kürsüsündən, onun verdiyi səlahiyyətlərdən istifadə edərək nəinki bu bərabərlik hüququnu danır, hətta vətəndaşları incidərək narazı salmaqdan belə çəkinmirlər. Əgər belə olmasaydı, Rəşadət Babayev özünün cəzasız qalacağına inanmaz, öz diqtəsini qanunlardan yüksək tutmazdı.

Dediyimiz kimi, qanunlar hamı üçün yazılır və dövlət bu qanunların aliliyini qorumaq üçün xüsusi qurumlar formalaşdırır. Qanunların keşiyində durmalı olan belə qurumlar və orada çalışan hər bir əməkdaş vəzifəsindən asılı olmayaraq, ilk növbədə özü əlahəzrət qanunlara hörmətlə yanaşmalıdır.

Ümid edirik ki, Daxili İşlər Naziri cənab Ramil Usubov, DİN Baş DYP İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov, Bakı Baş Polis idarəsinin rəisi genral-mayor Mirqafar Seyidov yuxarıda göstərilən faktlarla bağlı qanun çərçivəsində müvafiq ölçünün götürülməsini təmin edəcəklər. İnanırıq ki, polis sıralarında bu adı doğrultmayan, öz hərəkətləri ilə bu şərəfli peşəni nüfuzdan salan əməkdaşlara qarşı daha sərt cəza tədbirlərinə şahidlik edəcəyik. (jam.az)

COP29