!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali Baş Komandanın bir fotosu – İlham Əliyev kimlərə hansı ismarışı verdi?

!Reklam – Yazi
yenicag.az_ilham_aliyevRauf Arifoğlu yazdı…
Cəbhə xəttində ermənilərin təxribatları ilə başlayan hərbi əməliyyatlar dünyanın xəbər məkanında ön sıralarda, Azərbaycanın gündəmində isə əsas məsələ statusundadır. 
Hələ də davam edən hərbi əməliyyatlar nəticəsində düşmənin çoxsaylı texnikası sıradan çıxarılmış, ermənilərin planetaarmenia.ru saytının etiraflarına görə, 100-dən çox erməni öldürülmüşdür. Yenə də erməni mənbələrinin yazdıqlarına görə, Azərbaycan bir neçə kəndi və yüksəklikləri nəzarəti altına qaytarıb.
Azərbaycanın müdafiə nazirliyi ermənilərin çoxsaylı itkilərini və iki kəndin onlardan geri alınmasını təsdiq edib. Lakin döyüşlərdə Azərbaycan da ağır itkilər verib –  12 şəhidimiz var.
Dağlıq Qarabağ və onun ətrafında hərbi əməliyyatların qızışması Rusiyanın prezidentini və bütövlükdə, rəhbərliyini narahat edib. Bu barədə 2 aprel tarixində bir neçə dəfə rəsmi açıqlamalar yayılıb. Putin tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırıb.
Türkiyə Azərbaycana tam dəstəyini ifadə edib –  dövlət və xalq olaraq. Yayılan xəbərlərə inansaq,  Türkmənistan prezidenti də belə bir dəstək nümayiş etdirib.
  Ən mühüm olanı –  Azərbaycan müxalifəti, ən “qırğılar”ı da daxil, Ali Baş Komandan vəzifəsinin sahibinə dəstək ifadə ediblər.
ABŞ-da mühüm səfərdə olan Azərbaycan prezidenti isə ölkəsinə dönən kimi gec saatlara rəğmən Təhlükəsizlik Şurasının iclasını çağırıb. Cəbhədə topların gurladığı bir zamanda, gecə saatlarında Azərbaycanın Ali Baş Komandanının TŞ iclası keçirtməsi son 13 ildə ilkdir, səhv etmirəmsə. Bunun özü də prosesin nə dərəcədə ciddi olmasının, həm də daha da ciddiləşə biləcəyinin göstəricisidir.
Məsələnin ən maraqlı tərəfi barəsində xəsisliklə məlumat verilən TŞ toplantısından mətbuata yayılan fotolardadır.  Prezident Əliyevin belə bir tarixi dövrdə və şəraitdə çəkilən bir fotosu isə (bu yazıda yayımlanan) özlüyündə çox şey deyir və biz qəzetçilərin termini ilə söyləsək, özü-özlüyündə əsil manşetdir. Amerikadan ciddi siyasi nəticələrlə –  əslində və əsasən də daxildəki Qərbyönümlü opponentlərinin üzərində qələbə ilə qayıdıb, bütün əhvalını və Dağlıq Qarabağ məsələsində qərarlığını bir foto-ismarış ilə ictimaiyyətə çatdırmaq hesab edirəm ki, mühüm faktordur. Lakin şübhə yoxdur ki, bu dəfə onun yumruğu müxalifətə və opponentlərinə sıxılmayıb – birmənalı şəkildə
 ermənilərə istiqamətlənib…
Fotoda Prezidentin jestinə görə bir neçə mülahizə söyləmək olur: 
– Hərbi əməliyyatlar, atışmalar davam edəcək və böyüyəcək; zira fotodakı Ali Baş Komandandır və bu jest (“yetər artıq, bəsdir!”) qəti və ciddi bir qərarın nümayişidir ;
– Hərbi əməliyyatların indiyə qədərki gedişatı və ortadakı nəticələr Azərbaycan rəhbərliyini qane edib, psixoloji üstünlük var, fotolardan əndişə, narahatlıq yağmır, tam tərsinə, fürsət ayağına gəlmiş kimi görünənlər var  ;
– Görünən budur ki, Əliyevi Rusiya faktoru narahat etmir, sıxmır, sanki bu faktor onuncun yoxdur ; əslində isə Dağlıq Qarabağda təmizləmə əməliyyatının indiyə qədər də başlamamasının əsas səbəbi bu faktora bağlıdır. Rusiya Federasiyası rəhbərlərinin dünənki bəyanatları isə sanki göstərməlikdir, ermənilərin gözünü boyayırlar… Əcaba, 2008-dən bəri hazırlanan və artıq məxfi sayılmayan modelmi işə düşüb? Bu modeldə Türkiyə də var idi; sabiq prezident Abdullah Gül bəyin “Futbol Diplomatiyası” onun bir fraqmenti idi… Rusiyanın proseslərə aktiv hərbi müdaxilə etməyəcəyi təminatı ilə sürətli lokal müharibə və daha sonra erməniləri, erməni ictimaiyyətini Sülh müqaviləsinə vadar etmək, onların “Azərbaycan və Türkiyə gəlir, hər yeri tutacaq” təhdidi ilə milli ambisiyalarını sındırıb, sülh müqaviləsini imzalayacaq iqtidarı devirmək təhdidini neytrallaşdırmaq… Maraqlı budur ki, bu modeldə Ermənistan rəhbərliyinin bir qisminə də rol biçilmişdi…O cümlədən də indiki prezidentə.
Təbii ki, bunlar mülahizələrdir, təftiş və təhlil edilsə, ortaya çox başqa məqamlar və suallar da çıxacaq. Məsələn, niyə indi? Niyə Azərbaycan prezidenti ABŞ-da uğurlu görüşlər keçirdiyi bir məqamda bu əməliyyatlar başladı? Bunu Rusiyamı etdi – Azərbaycan daxilində ona dəstək olan qüvvələr bu oyunun içindəmi? Rusiya etdisə, daxili xəyanət də varsa, bəs niyə Əliyev bu dərəcədə arxayın, və qətiyyətli görünür? İlham Əliyevin Barak Obama ilə protokoldan kənar görüş keçirməsi, özəl danışıq və anlaşmalarla bağlı iddialar düzdürmü və onların hərbi əməliyyatların bir gecədə müharibə səviyyəsinə qalxmasında rolu nədir?
Göründüyü kimi, ortada suallar çoxdur. Lakin bizim mövzumuz bir başqadır. Biz prezident İlham Əliyevin ictimaiyyətə, ermənilərə  və dünyaya verdiyi foto-ismarışı diqqətə gətirdik və üzərində dayanmağı mühüm saydıq.
Onu da bir daha xüsusi qeyd etməmiz lazım ki, Azərbaycan müxalifəti – İlham Əliyevin ən radikal opponentləri belə cəbhə xəttində baş verən proseslərdə hakimiyyətlə bərabər hərəkət etməyə hazır olduqlarını bəyan ediblər. AXCP sədri Əli Kərimli elə bir açıqlama yayıb ki, onun müəllifi  biz olsaydıq, özünün tərəfdarları “Yeni Müsavat”ı bir daha iqtidara satılmaqda və cümlə xəyanətlərdə suçlardılar. Bizsə cənab Kərimlini son illərdə nadir rastlanan bu konstruktiv mövqeyinə görə təqdir edirik. ( http://musavat.com/news/son-xeber/azerbaycan-muxalifetinin-cebhedeki-doyushde-ishtiraki-kim-ne-yazdi_336957.html )
Lakin bir qeydimiz də var: bu açıqlama ilə Əli Kərimlinin siyasətdəki məlum yeri  müvəqqəti (bəlkə də həmişəlik)  boşaldılıb, oraya göz dikənlər hərəkətə keçə bilərlər…
İqtidar üçünsə ortam idealdır. Rahat müharibəyə başlamaq da olar; xüsusi ilə  arxa cəbhə möhkəm görünür… /musavat.com

 

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv