“Mənim vicdanım təmizdir, mən cinayət törətməmişəm. Təhrif olunmuş faktla, heç bir hüquqi sübuta söykənməyən, əsassıs iddiham və mülahizələrlə ədalətsiz hökm edənlər və günahkarlar hüquqi cəzalandırılmalıdır!”
Yenicag.az Tribunainfo.az-ın məlumatına istinadən xəbər verir ki, bu sözlər hazırda həbsdə olan Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin və “bakutime.az”, “xalq.az” saytlarının rəhbəri Zaur Mirzə-zadəyə məxsusdur.
O, Ali Məhkəmənin öz işi ilə bağlı ədalətli qərar verəcəyinə inandığını bildirib:
“Qanunvericiliyimizə kölgə salan məqamlar aradan qaldırılıb, ədalətsizliyin ədalətlə bərpa olunmasına, cəmiyyətdə cəzasızlıq prinsipinin yayılmaması, ədalət tərəzisinin nizamının tənzimlənməsi üçün Ali Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”.
Xatırladaq ki, zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında 2015- ci ildə bir qrup şəxs barəsində başladılan cinayət işinə 2021 – ci ildə yalnız bir qadının şahidliyi ilə cəlb edilən Zaur Mirzə-zadə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi 8 oktyabr 2021- ci ildə təkzibolunmaz faktlarla bəraət hökmü vermişdi. Daha sonra 17 may 2022-ci ildə Bakı Appelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədriyi ilə keçirilən prosesdə əsassız, təhrifolunmuş, saxta sübutlarla onun barəsindəki bəraət hökmü ləğv edilərək 5 il azadlıqdan məhrum edilmiş və Z.Mirzə-zadə məhkəmə zalında həbs edilmişdir.