Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ali məktəblərdə Himayədarlar Şurası yaradılsın, yaradılmasın?

tehsil

Əjdər Ağayev: “Xaricdə tətbiq olunan hər bir təcrübə ölkəmizdə istifadə edilməmişdən öncə…”

 Məhərrəm Zülfüqarlı: “Bunun reallaşması üçün sahibkarlara  yaşıl işıq yandırılmalıdır”

 Bu günlərdə parlamentdə çıxışında millət vəkili Abel Məhərrəmov təklif edib ki, təhsil sahəsi üzrə Himayədarlar Şurası yaradılsın. Qeyd edək ki, belə şuralar ABŞ və Avropanın ali məktəblərində geniş yayılıb. Bu şuralar vasitəsilə sahibkarlar, iş adamları ali məktəblərə hərtərəfli yardımlar edirlər ki, bunun da nəticəsində təhsil ocaqları çoxsaylı problemlərinin həllinə nail olurlar.

Görəsən, belə bir təcrübənin Azərbaycanda da tətbiqi mümkündürmü?

Yenicag.az-a açıqlamasında Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə bu ideya ancaq yerli xüsusiyyətlər nəzərə alınmaq şərtilə ölkəmizdə də tətbiq oluna bilər: “Xaricdə tətbiq olunan hər bir təcrübə ölkəmizdə istifadə edilməmişdən öncə, mövcud sosial şəraiti, cəmiyyətdəki müəyyən münasibətləri, mənəviyyat durumunu nəzərə almaq lazımdır. Xarici ölkələrdə ali məktəblərə qəyyumluqla bağlı gözəl təcrübələr var. Amma görək ölkəmizdəki münasibətlər, buradakı iş adamlarının formalaşma imkanları və onların mənəviyyat baxımından humanizmə meylliliyi xaricdə olan qədərdirmi? Ölkəmizdə bu ehtiyacları meydana çıxaran səbəblər varmı? Bu mənada ideya yaxşıdır və tətbiqi arzuolunandır. Amma xaricdə hansısa təcrübə tətbiq olunub deyə, kor-koranə onu bura gətirib tətbiq etməyin əleyhinəyəm. Xaricdəki bu kimi təcrübələri ölkəmizdə tətbiq etmək istəyiriksə, onda niyə müəllimlərin əmək haqlarını artırmırıq? Deməli, hər bir xarici təcrübənin tətbiq edilib-edilməməsi Azərbaycanın öz tələb və şəraitindən asılıdır”.

Təhsil eksperti Məhərrəm Zülfüqarlı isə birmənalı olaraq bildirdi ki, Himayədarlar Şurası ölkəmizdə də yaradılmalıdır: “Ölkəmizdə də təhsil sahəsində Himayədarlar Şurasının yaradılması yaxşı ideyadır. Amma, bunun reallaşması üçün sahibkarlara  yaşıl işıq yandırılmalıdır.  XIX-XX əsrin əvvəllərində olduğu kimi indi də milli burjaziya formalaşmalıdır ki, onlar da Hacı Zeynalabdin Tağıyev kimi millətin inkişafına kömək etsinlər. Yəni xalqımızın bu istiqamətdə təcrübəsi var. Belə bir mühit yaradılarsa, düşünürəm ki, vətənini ürəkdən sevən milli sahibkarlar bu prosesdə aktiv olacaqlar. Bu mühiti yaratmalıyıq ki, həmin insanlar yetişsin.  Azərbaycan təhsilində bazis və üst qurum var. Himayədarlıq Şurasının yaradılması ilə təhsilin maddi-texniki bazasının yaradılması fonunda tələbələrə dərslərin verilməsi onların qayğılarını nisbətən azaldar. Ölkəmizdə hazırda elə tələbələr var ki, təhsil haqqını verə bilmir, amma yüksək savada malikdir. Himayədarlar Şurasının yaradılması belə tələbələrə hərtərəfli köməklik ola bilər”.

Rüfət

Loading...

www.yenicag.az

525