Ali məktəblərə bakalavriat səviyyəsi üzrə yerləşdirmənin birinci mərhələsində plan yerlərinin 5074-i, yəni 11 faiz yer boş qalıb.
Yenicag.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadənin sözlərinə görə, vakant yerlərə qəbul üçün elan bu gün veriləcək. Vakant yerlər üçün sənəd qəbulu bu gündən başlayaraq avqustun 20-dək aparılacaq.
Direktorlar Şurasının sədri qeyd edib ki, vakant yerlərin 3255-i dövlət ali məktəblərində, xüsusilə regionlardakı ali məktəblərdə, 1819-u özəl ali məktəblərdədir. Bütün aparıcı ali məktəblərdə qəbul olma faizi 90 faizdən çoxdur. 1-ci qrupda 1693, 2-ci qrupda 2611, 3-cü qrupda 248, 4-cü qrupda 122, 5-ci qrupda isə 400 yer boş qalıb.
M.Abbaszadə bildirib ki, 1-ci qrupda 540-dan çox bal toplayan heç bir abituriyent kənarda qalmayıb. 2-ci qrupda 490-dan yuxarı bal toplayanların, 3-cü qrupda 550-dən çox, 4-cü qrupda isə 610-dan yuxarı bal toplayanların hamısı ali məktəbə qəbul olub./Trend/