Ali təhsil almaqla bağlı yanlış düşüncə – Valideynlər bu məqamlara diqqət etməlidir

Artıq ölkəmizdə ali təhsil müəssisələrinə qəbullar yekunlaşıb. Bu mərhələdə bir çox abituriyent tələbə adını qazana bilsə də, digərləri ali məktəblərə qəbuldan kənarda qalıb. Bu zaman da ali təhsil müəssisələrinə qəbul ola bilməyənlər ya kolleclərə sənəd verir, ya da ali təhsil almaq üçün xaricə ölkələrə üz tutur. Bəs görəsən, xaricdə təhsil almaq istəyən şəxslər universitet seçimi edən zaman hansı məqamlara diqqət yetirməlidir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan təhsil məsələləri üzrə ekspert İlqar Orucov deyib ki, bizim cəmiyyətimiz, ailələrdə mövcud olan, “mənim övladımın da ali təhsil diplomu olmalıdır”, düşüncəsi yanlışdır.

“Azərbaycanda qəbul imtahanlarında uğursuz nəticə əldə etdikdən sonra bir çox abituriyentlərimiz xaricdə təhsil almaq üçün ölkədən kənara üz tutur. Mütləq şəkildə abituriyentlər və onların valideynləri həmin məqamlara diqqət yetirməlidir. Bizim cəmiyyətimizdə çox zərərli-mənim də övladımın diplomu olmalıdır tendesiyası formalaşıb. Hesab edirəm ki, cəmiyyətimizdə, ailələrdə mövcud olan, “mənim övladımın ali təhsil diplomu olmalıdır”, düşüncəsi yanlışdır. Xaricdə təhsil almaq istəyən insanlar müəyyən işbazların qurbanına çevrilməməlidirlər. İnsanlar onlara təqdim olunan universitetin hansı universitet olmasını araşdırsınlar”, – deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bəzən elə müraciətlər olur ki, tələbə Rusiyada təhsil alıb, lakin rus dilində bir cümlə belə danışa bilmir:
“Bu, artıq onun əldə etdiyi diplom kağız parçasından baş bir şey deyil. Burada uduzan tərəf də elə tələbə və valideynləri olur. Onun zamanı, vəsaiti gedir. Əlbəttə ki, onun daha sonradan əmək bazarında iş tapması ilə bağlı ciddi problemləri olur. Valideynlər bu məsələdə mütləq şəkildə diqqətli olmalıdırlar. Türkiyənin nüfuzlu universitetlərində vahid imtahan modelləri var. Yaxud da universitetlərin öz daxili imtahanları var. Xaricdə təhsil almaq istəyən tələbə də mütləq şəkildə etibarlı, tanınmış təhsil şirkətlərinə müraciət etməlidir”.

İsmayıl Bakuvi

COP29