Alim Qasımovdan onu göylərə qaldıran əcnəbi musiqiçiyə CAVAB: “Əfsanə kimi gəzsəm…”

“Markın məni “əfsanə” adlandırması sizin xoşunuza gəlirsə, mənə də xoş oldu. Amma əfsanə kimi gəzsəm, yəqin maşın-zad vurub öldürər məni…”

Bu fikirləri Yenicag.az-a açıqlamasında onu “əfsanə” adlandıran həmkarı, yəhudi əsilli kamança ifaçısı Mark Eliyahunun həmin bənzətməsinə reaksiya verən xalq artisti, dünya şöhrətli sənətkar Alim Qasımov deyib.

Xanəndə məşhur kaman ifaçısı ilə tanışlığından da danışıb: “Mark Eliyahu yəhudi əsilli məşhur musiqiçi, bəstəkar Peres Eliyahunun oğludur. Biz onunla dəfələrlə dünya miqyaslı konsertlərdə birgə çıxış etmişik. Markın atası Peres Eliyahu Nizaminin “Leyli və Məcnun” əsərini səhnələşdirmişdi, Biz gedib həmin tamaşada çıxış etdik. Bu günlərdə Bakıda bir beynəlxalq tədbirin açılışında Markla görüşdük. Orada gözəl bir çıxışımız oldu. Markın məni “əfsanə” adlandırması sizlərin xoşuna gəlirsə, mənə də xoş oldu. Amma özümü əfsanə kimi hiss etmirəm. Hər daim yenilik etmək, nəsə yaratmaq istəyi ilə yaşayıram ki, ürəyimdən tikan çıxsın. Özümü əfsanə kimi hiss etsəm və əfsanə kimi gəzsəm, yəqin maşın-zad vurub öldürər məni”.

Qeyd edək ki, Bakıda Beynəlxalq Astronavtika Konqresinin açılış mərasiminə qatılan yəhudi əsilli kamança ifaçısı Mark Eliyahu xalq artisti Alim Qasımovla bağlı paylaşım edərək onun fotosunu “əfsanə” qeydi ilə yayımlayıb.

Cəvahir

COP29